AMEA prezidenti: "Bizə lazım olan mütəxəssisi orta məktəb səviyyəsində itiririk"

AMEA prezidenti: "Bizə lazım olan mütəxəssisi orta məktəb səviyyəsində itiririk" "Elmin bugünkü problemlərinin həlli üçün biz üzümüzü orta məktəbə tutmalıyıq"
Elm və təhsil
19 Dekabr , 2014 11:25
AMEA prezidenti: Bizə lazım olan mütəxəssisi orta məktəb səviyyəsində itiririk

Bakı. 19 dekabr. REPORT.AZ/ "Açıq etiraf etmək lazımdır ki, bütün postsovet məkanında elm dərin böhrandan hələ ki, çıxa bilməyib. Təəssüf ki, ölkəmizin qazandığı böyük nailiyyətlərdə elmimizin xüsusi çəkisi hələ də lazımi səviyyədə deyil". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Akademiya islahatlara başlayaraq hələ qarşıya qoyulan hədəfləri qət edə bilməyib: "Elmin müasir infrastrukturunun yaradılması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, elmi araşdırmaların yeni maliyyələşmə mexanizmləri hələ də müzakirələr səviyyəsindən konkret praktiki müstəviyə keçirilə bilməyib. Akademik elmin bu gün ən böyük problemi onun sürətlə qocalması və gənc yüksəkixtisaslı kadrların qıtlığıdır. Bizə lazım olan mütəxəssisi artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bütün bu adı çəkilən və adı çəkilməyən, amma hamımıza yaxşı məlum olan problemlərin həlli üçün gərək səylərimizi birləşdirərək ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olaq".

O, həmçinin qeyd edib ki, Azərbaycanda hələ də elm və iqtisadiyyat ayrı-ayrı məkanlarda cərəyan edən proseslər olaraq qalır: "Biliklərə əsaslanan iqtisadiyyatı yaratmaq üçün tək dövlət yox, həm də müxtəlif biznes strukturları yeni biliklərin əldə olunması işinə dəstək və kömək göstərməlidirlər. Elmin bugünkü problemlərinin həlli üçün biz, sözsüz ki, üzümüzü orta məktəbə tutmalıyıq. Aydındır ki, məktəb də islahat prosesindədir. Orta məktəb müəllimləri bəlkə də hamıdan gözəl başa düşürlər ki, bu informasiya məkanında uşaqları düzgün təhsilləndirmək üçün onlara ilk növbədə hansısa biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır".

Son xəbərlər

Orphus sistemi