Yuxarı

AMEA-nın vitse-prezidenti vəfat edib

Akademik Akif Cəfər oğlu Hacıyev dünən dünyasını dəyişib

Bakı. 4 fevral. REPORT.AZ/ Görkəmli Azərbaycan riyaziyyatçısı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev 77 yaşında vəfat edib. Bu barədə "Report" Akademiyanın rəsmi saytına istinadən xəbər verir.

Xatırladaq ki, Akif Cəfər oğlu Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1960-cı ildə universiteti bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi və şöbə müdiri və direktor vəzifələrində çalışıb.1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında “Bəzi operatorlar ailələrinin yaxınlaşma xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1964-74-cü illərdə A.Hacıyevin əldə etdiyi nəticələr qeyri-məhdud çoxluqlarda kəsilməz funksiyalar fəzasında təyin olunmuş xətti müsbət operatorlar ardıcıllıqlarının çəkili normalarda yığılması və belə funksiyalara yaxınlaşması istiqamətinin yaranmasında mühüm rol oynamışdır. Bu nəticələrin müəllifi kimi alim dünyanın qabaqcıl riyaziyyatçıları içində öz layiqli yerini tutub.

A.Hacıyevin tədqiqatlarının mühüm istiqamətlərindən biri də çoxölçülü sinqulyar inteqrallar nəzəriyyəsidir. Burada, məşhur sovet riyaziyyatçısı S.Q.Mixlin 1938-ci ildə simvolun və xarakteristikanın kürədə diferensial xassələrinin tədqiqinə başlamış və kürədə kvadratı inteqrallanan xarakteristikalar sinfində simvolun Sobolev fəzasında olduğunu göstərmişdir. Bu məsələnin həlli üçün A.Hacıyev simvolu təyin edən bürümə operatorunun tərs operatoru mühüm ifadəsini tapmış və kürədə Bessel potensialları fəzalarında simvol və xarakteristikanın qarşılıqlı diferensial xassələrini isbat edib. Bu nəticələr A.Hacıyevin “Çoxölçülü bürümə tipli operatorlar nəzəriyyəsi üzrə tədqiqatlar” adlı doktorluq dissertasiyasının əsasını təşkil edib və o, 1982-ci ildə Moskvada, SSRİ Elmlər Akademiyasının V.Steklov adına Riyaziyyat İnstitutunun Müdafiə Şurasında dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.

Alim 1985-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə “Riyazi analiz” ixtisası üzrə professor elmi adına layiq görülüb, 1985-1989-cu illərdə AAK-ın qərarına əsasən Tbilisi Dövlət Universiteti nəzdində regional doktorluq şurasının üzvü təyin olunub.

1989-cu ildə A.Hacıyev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

2001-ci ildən A.Hacıyev Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, həmin ilin iyul ayından isə akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi olmuşdur. A.Hacıyev 2002-2005-ci illərdə Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” ixtisasları üzrə ekspert komissiyasının sədri olmuş, 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat və mexanika ixtisasları üzrə doktorluq müdafiə şurasının sədridir.

Alim 2004-cü ildə Prezident İlham Əliyevin Fərmanına əsasən Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib, 2005-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 100-dan artıq elmi əsərin və monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi