Yuxarı

AMEA-nın veb-saytlarının adminlərinə seminarlar keçiriləcək

Rasim Əliquliyev: Elmi materialları və elmi yenilikləri yazmaq hər jurnalistin işi deyil

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) bütün veb-saytlarının adminlərinə seminarlar keçiriləcək. Bu barədə "Report"a AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məlumat verib.

O bildirib ki, adminlərlə seminarların keçirilməsində əsas məqsəd mövcud ola biləcək problemlərin həlli istiqmətində müəyyən biliklər vermək, təcrübə mübadiləsinin aparılması, treninqlər keçirmək və ümumilikdə jurnalistlərə hər növ dəstəyin verilməsidir.

Akademikin sözlərinə görə, sosial media biliklərinə malik olan mütəxəssislərlə veb-resursların təmin olunması vəziyyəti hazırda çox aktualdır: "Çünki veb-saytlar yaradılır, amma onları istismar etmək, saytları lazımı materiallarla, kontekslərlə təmin etmək xüsusi yeni nəsil jurnalistlər kifayət qədər deyil. Sentyabr ayının sonunda Akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqinin nəticələri təhlil olunduqdan sonra, nəticələrə əsasən görüləcək işlərlə bağlı müəyyən qərarlar qəbul ediləcək, seminarların təşkil edilməsi də bu qərarların içərisində olacaq".

Elmlər Akademiyasının veb-saytlarının adminləri elm jurnalistikası üzrə səriştəli olmalıdırlar deyən İnstitut direktoru bildirib ki, elmi materialları və elmi yenilikləri yazmaq hər jurnalistin işi deyil: "Seminarları keçirməkdə məqsəd həm elmi, həm də soaial media biliklərinə malik jurnalistləri yetişdirməkdir. Görülən işlər nəticəsində Milli Elmlər Akademiyasının cəmiyyətlə ən səmərəli ünsiyyət vasitəsi olan veb-saytlarının imkanlarını artırmaq nəzərdə tutulub".

R.Əliquliyev qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunda jurnalistlərə seminar keçmək üçün yaxşı baza var: "İnstitutun tədris mərkəzində seminarların təşkili üçün həm texnoloji imkanlarımız, həm də təcrübəli kadrlar var. Biz Akademiyanın digər institutları ilə təcrübəmizi bölüşməyə hazırıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi