Yuxarı
    Bağlamaq

    AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib

    Elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planın hazırlanması qərara alınıb

    Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. 

    "Report"un xəbərinə görə, tədbirdə AMEA prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, ali məktəb rektorları və digər qonaqlar iştirak ediblər.

    A.Əlizadə “Elm və təhsil: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, elm və təhsil dövlət siyasətinin mühüm prioritetlərindən biridir: "Birgə elmi sessiyanın da keçirilməsində məqsəd Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələri müzakirə etməkdir. Elm və təhsilin inteqrasiyası sahəsində uğurlar əldə etmək üçün respublika üzrə 2018-2025-ci illəri əhatə edən Azərbaycanda elm və təhsilin inteqrasiyası məqsədli proqramını işləyib hazırlamalıyıq. Qarşılıqlı müzakirələr əsasında elm və təhsilin inteqrasiyası ilə bağlı bütün istiqamətləri əhatə edən proqramın hazırlanmasına nail ola bilsək hesab edirəm ki, hədəflərimizə daha tez nail olarıq. Çünki bu sahədə görüləcək işlər elə də sadə deyil. Onların həlli bu sahədə olan ictimaiyyətin sistemli və enerjili fəaliyyətini tələb edir. Əminəm ki, ölkədə elm və təhsilin inteqrasiyasına yönələn diqqət və qayğı sayəsində biz bu sahədəki vəzifələrin icrası üçün səylərimizi birləşdirməyə nail olacağıq”.

    “Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycanın təhsili və elmi qarşısında duran əsas vəzifə təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı müəssisələrinin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır: “Ölkəmizin təhsil müəssisələri də məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönümlü fəaliyyətə cəlb olunmasına, yeni texnologiyalardan istifadə edilməsinə və xarici dillərin öyrənilməsinə geniş imkanlar yaratmalıdır. Təhsil sistemi elmi kəşflərə açıq olmalıdır. Çünki keyfiyyətli təhsil olmadan elmi yeniliklərə nail olmaq olmaz”.

    Tədbirin davamında geniş müzakirələr aparılıb və elmi sessiyanın qərarı qəbul edilib. Elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planın hazırlanması qərara alınıb. Sənəddə ali təhsil müəssisələrinin elmi fəaliyyətinin təşviqi və stimullaşdırılması, təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi məqsədilə AMEA-nın elmi-tədqiqat müəssisələrində ali təhsil müəssisələri təcrübə mərkəzlərinin təşkili, həmin mərkəzlərdə ali məktəblər tərəfindən tədqiqatların aparılması və digər məsələlər öz əksini tapıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi