AMEA-nın ümumi yığıncağı və Səhiyyə Nazirliyi ilə birgə kollegiyası keçirilib

AMEA-nın ümumi yığıncağı və Səhiyyə Nazirliyi ilə birgə kollegiyası keçirilib Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyası keçirilib.
Elm və təhsil
16 Fevral , 2018 13:10
AMEA-nın ümumi yığıncağı və Səhiyyə Nazirliyi ilə birgə kollegiyası keçirilib
Report/ Elchin Murad

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyası keçirilib.

“Report”un məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər akademiyanın müxtəlif qurumlarla, nazirlik və dövlət komitələri ilə müştərək tədbirlər keçirməsinin artıq ənənə halını aldığını deyib.

O qeyd edib ki, məqsəd dövlətin qurumlar qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək üçün daha mütəşəkkil və koordinasiyalı fəaliyyət göstərməkdir.

A.Əlizadə Azərbaycanda molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi və elektron tibb sahəsində görülən işlərdən də danışıb.

Elmi sessiyada AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” mövzusunda çıxış edib. Akademik son illər ölkəmizin səhiyyə, o cümlədən tibb elmi və təhsili sahələrinin beynəlxalq miqyasa çıxdığını, bu sahələrin inkişafına əlverişli şərait yaradıldığını və nəticədə yeni tədqiqat imkanlarının açıldığını diqqətə çatdırıb.

Sessiyada Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli “Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri”, AMEA-nın müxbir üzvü Nuru Bayramov və tibb üzrə fəlsəfə doktoru Orxan İsayev “Kök hüceyrə üzrə tədqiqatların klinik praktikada əhəmiyyəti”, Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov “Onkoloji və ürək xəstələrinin diaqnostikası və müalicəsində nüvə tibbinin rolu” mövzularında çıxış ediblər.

Müzakirələrdən sonra elmi sessiyanın qərarı qəbul edilib. Sənəddə respublikada tibb elminin və səhiyyənin inkişafı ilə bağlı həyata keçirilməsi zəruri olan bir sıra vəzifələr – müxtəlif istiqamətlər üzrə AMEA və Səhiyyə Nazirliyi arasında daha səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması, müasir elmi problemlər üzrə, xüsusilə kök hüceyrələri, insan genomu və nüvə tibbi ilə bağlı birgə elmi laboratoriyaların yaradılması və tədqiqatların aparılması, tibb elmləri üzrə fundamental elmi nəticələrin innovativ tətbiqinin həyata keçirilməsi, elektron tibbin inkişaf etdirilməsi, tibb elmi ilə təhsilin inteqrasiyasının dərinləşdirilməsi və s. istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi və digər məsələlər öz əksini tapır.

Son xəbərlər

Orphus sistemi