Yuxarı

70 illik yubileylə bağlı AMEA-nın tarixi və strukturunu əks etdirən məlumat kitabı hazırlanır

Akademiyanın 70 illiyinə həsr olunan Azərbaycanın elm məbədi adlı sənədli film çəkilir

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib. "Report"un xəbərinə görə, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasın gündəliyinə daxil olan məsələlər haqqında məlumat verib.

Akademik qeyd edib ki, AMEA-nın 70 illiyi ilə əlaqədar keçiriləcək yubiley tədbirləri çərçivəsində Akademiyanın tarixi və strukturunu əks etdirən AMEA-nın məlumat kitabı (prospekti) hazırlanır. Prospektin hazırlanması ilə əlaqədar məsələlərin həlli AMEA-nın həqiqi üzvü, akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyevə həvalə edilib, onların icrasını təmin etmək məqsədi ilə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov məsul şəxs təyin olunub.

Daha sonra çıxış edən akademik Vaqif Fərzəliyev bildirib ki, Akademiya haqqında hazırlanan digər kitabda isə ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin fotoşəkli, Rəyasət Heyətinin fotoşəkli, AMEA-nın prezidentinin Akademiyanın yaranma tarixi haqqında qısa həcmli məqaləsi, bölmələr üzrə Akademiyanın strukturu, institutların elmi istiqamətləri haqqında yığcam məlumatlar, fotolar və digər məlumat xarakterli materiallar öz əksini tapacaq. 

Daha sonra kitabda institutların mərhum və hazırda fəaliyyətdə olan alimlərinin yüksək təltifləri, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanları, SSRİ Dövlət Mükafatı laureatları, Azərbaycan SSR və Azərbaycan Respublikası Dövlət Mükafatı laureatlarının siyahısı təqdim ediləcək. 

Akademik qeyd edib ki, məlumat kitabında, həmçinin Akademiyanın innovativ işləri barədə qısa məlumatlar öz əksini tapacaq.

Sonra Akademiyanın 70 illiyinə həsr olunan "Azərbaycanın elm məbədi" adlı sənədli filmin çəkilişləri ilə bağlı AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək bildirib ki, çəkilişlər 10 aydır davam edir: "Bu müddət ərzində filmin ssenarisi yazılıb, eyni zamanda Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivindən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkil edildiyi dövrün arxiv lentləri araşdırılıb. Yalnız 1934-cü ildən 1984-cü ilə qədər lentə alınan materiallar Akademiyaya təqdim olunub. Təqdim edilən kadrlardan 26 unikal lent seçilib. Hazırda bu lentlərin üzü köçürülür və montaja hazırlanır. Akademiyanın tarixi ilə bağlı müxtəlif arxivlərdən 101 şəkil toplanıb. Akademiyanın bir çox institutlarında da çəkilişləri aparılan filmin baş rejissoru kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Filmin montajının sentyabr-oktyabr aylarında başa çatması nəzərdə tutulur".

Tədbirdə həmçinin təsərrüfat müqavilələri əsasında büdcədənkənar vəsaitlər hesabına elmi-tədqiqat işlərinin həyata keçirilməsi, AMEA Rəyasət Heyəti Aparatının maliyyələşdirdiyi proqramların yerinə yetirilməsi, doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarının yeni tələblər əsasında qurulmasına dair məsələlər də müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi