Yuxarı
    Bağlamaq

    AMEA-nın nümayəndə heyəti Avropa Nüvə Tədqiqatları Təşkilatında olub

    Akif Əlizadə CERN rəhbərliyi ilə görüşüb

    Bakı. 1 mart. REPORT.AZ/ İsveçrədə səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti – AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və institutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Anar Rüstəmov Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) olub.

    Akademiyadan "Report"a verilən məlumata görə, səfər çərçivəsində akademik Akif Əlizadə CERN rəhbərliyi ilə görüşüb.

    Görüşdə nüvə fizikası və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məqsədilə müzakirələr aparılıb. AMEA-nın nümayəndə heyəti Böyük adron kollayderinin yerin təxminən 80 və 100 metr dərinliklərində fəaliyyət göstərən ALİCE (A Large Ion Collider Experiment) və CMS (Compact Muon Selenoid) detektorlarına səfər edib, orada aparılan tədqiqatlar haqqında ətraflı məlumat alıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə CERN-in fəxri qonaqları üçün nəzərdə tutulmuş kitaba öz ürək sözlərini yazıb.

    Qeyd edək ki, Avropa Nüvə Tədqiqatları Təşkilatı dünyanın ən böyük yüksək enerji fizikası laboratoriyasıdır. Cenevrə şəhəri yaxınlığında yerləşən təşkilatın yaradılması haqqında razılıq 12 Avropa ölkəsinin iştirakı ilə 1953-cü ildə Parisdə imzalanıb və 29 sentyabr 1954-cü ildə öz işinə başlayıb. Hazırda CERN-ə 20 üzv ölkə ilə yanaşı, müşahidəçi statuslu bir çox ölkə və beynəlxalq təşkilat daxildir. 2 500-dən çox daimi işçisi olan CERN 85 ölkənin 580 universitet və institutundan 8 minə yaxın fizik və mühəndislə əməkdaşlıq edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi