AMEA-nın müxbir üzvü vəfat edib

AMEA-nın müxbir üzvü vəfat edib Fərhad Əhmədbəyli 92 yaşında dünyasını dəyişib
Elm və təhsil
16 Noyabr , 2015 09:30
AMEA-nın müxbir üzvü vəfat edib

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü vəfat edib. "Report" xəbər verir ki, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü, Böyük Vətən müharibəsi veteranı Fərhad Əhmədbəyli dünyasını dəyişib.

Xatırladaq ki, Fərhad Soltan oğlu Əhmədbəyli 1923-cü il fevralın 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1941-1945-ci illərdə müharibədə iştirak edib. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib.

F.S.Əhmədbəyli 1954-cü ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə AMEA-nın Geologiya İnstitutunda başlayaraq böyük laborant, elmi işçi, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri vəzifələrində çalışıb.

Professor regional geologiya, geotektonika və neotektonika sahələrində tanınmış alim idi. Azərbaycanda ilk dəfə olaraq neotektonika üzrə kompleks elmi tədqiqatların başlanması onun adı ilə bağlıdır. O, Azərbaycanın iri struktur elementlərini öyrənib, müasir tektonik prosesləri və neotektonik hərəkətlərin neft-qazlılıq və seysmikliklə qarşılıqlı əlaqələri problemlərini tədqiq edib. Onun redaksiyası və işləyib hazırladığı üsul üzrə "Azərbaycanın neotektonik xəritəsi" tərtib edilərək dərc olunub(1991-ci il). "Xəzər dənizi və onun haşiyəsinin beynəlxalq tektonik xəritəsi", “Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi”nin, “Azərbaycan Respublikasının Milli Atlas”na daxil edilmiş geoloji və neotektonik xəritələrin, bir sıra digər geoloji təyinatlı xəritə və atlasların tərtibatçılarından biridir. Son illərdə onun elmi fəaliyyətinin əsas istiqamətini Yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşu və geodinamik təkamülünün müasir modellərinin işlənib hazırlanması, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi təşkil edib.

Fərhad Əhmədbəyli 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir. 

Son xəbərlər

Orphus sistemi