Bakı. 18 iyul. REPORT.AZ/ AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul - Milli Mətbuat Günü münasibətilə "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə KİV nümayəndələri, ziyalılar, ictimai xadimlər iştirak edib.
Kitabxananın direktoru Leyla İmanova MEK-in mətbuat ilə əməkdaşlıq təcrübəsindən danışıb. O, kitabxananın milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsini təklif edib: "Elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması məqsədəuyğundur".
Tədbir təqdimatlarla davam edib. MEK-in ayrı-ayrı şöbələrinin rəhbərləri ötən dövrdə görülmüş işlərin hesabatını təqdim ediblər.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən və müasir vəziyyətindən danışıb.
Tədbirin sonunda MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın 1 illik oxucu kartı təqdim edilib.