AMEA-nın magistraturasına bakalavrların qəbulu üçün müsahibələr təşkil olunub

AMEA-nın magistraturasına bakalavrların qəbulu üçün müsahibələr təşkil olunub Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılacaq
Elm və təhsil
4 May , 2015 19:12
AMEA-nın magistraturasına bakalavrların qəbulu üçün müsahibələr təşkil olunub

Bakı. 4 may. REPORT.AZ/ AMEA-nın Rəyasət Heyətində Akademiyanın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və təşkil olunacaq müsahibələrlə bağlı görüş keçirilib. AMEA-dan "Report"a verilən xəbərə görə, görüşdə akademiyanın prezidenti, akademik Akif Əlizadə magistratura təhsilinin yaradılmasının elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən biri olduğunu qeyd edib.

AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov bildirib ki, 2015-2016-cı tədris ili üçün AMEA-nın magistratura təhsilini həyata keçirəcək 7 institutunda magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl AMEA-da müsahibədən keçməlidir. Bunu nəzərə alaraq, magistraturaya qəbul olunmaq istəyən bakalavrlar üçün müsahibə təşkil ediləcək. AMEA-nın magistraturasına bakalavrların seçilməsi üçün institutlarda yaradılmış müsahibə komissiyaları prosesə nəzarət edəcək. Müsahibədə iştirakçılara institutların fəaliyyət istiqamətləri və potensial imkanları barədə məlumatlar da veriləcək.

Ə.Sadıqov qeyd edib ki, qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri, müsahibənin keçiriləcəyi tarix və ünvanlar haqqında məlumatlar AMEA-nın və TQDK-nın rəsmi saytlarında yerləşdirilib. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılacaq.

Onun sözlərinə görə, tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır və təhsilalma forması əyanidir.

Daha sonra tədbirdə AMEA-nın magistraturaya qəbul elanını əks etdirən tanıtım çarxı izlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi