Yuxarı
    Bağlamaq

    AMEA-nın institut direktorunun müavini vəzifəsinə yeni namizəd irəli sürülüb

    ​Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

    Bakı. 18 may. REPORT.AZ/ AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.

    "Report" xəbər verir ki, tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

    Sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası"nın nəşri barəsində 2 mart 2016-cı il tarixli Sərəncamından irəli gələn tədbirlər haqqında məlumat verib. Bildirib ki, atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir. Akademik rəhbərlik etdiyi qurumun ilkin mərhələdə 20 atlas hazırladığını və Prezident tərəfindən atlası hazırlamaq üçün təsdiqlənən redaksiya heyəti üzvlərinin görüşünün vacibliyini diqqətə çatdırıb.

    İclasda Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsi üzrə vakant yerlərə müsabiqədə iştirak edən namizədlərin çıxışı dinlənilib. Nəticədə akademik Ramiz Məmmədov Xəzər dənizinin səviyyə problemləri şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Tibbi coğrafiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov Geoinformatika və kartoqrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyev Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri vəzifəsinə təsdiqlənib.

    Həmçinin c.ü.f.d, dosent Məhərrəm Həsənovun Rəyasət Heyəti qarşısında Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə namizədliyinin irəli sürülməsi barədə qərar verilib.

    İclasda geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın müxbir üzvü Əli Əmiraslanovun 110 illik yubileyinə həsr olunan konfransın keçirilməsi barədə qərar qəbul olunub.

    Bundan əlavə, AMEA "Xəbərlər" jurnalının Yer Elmləri seriyasının redaksiya heyətində dəyişiklik edilib. Dəyişikliyə əsasən akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvü Bağır Süleymanov və c.ü.e.d. Zakir Eminov redaksiya heyətinin yeni üzvü seçiliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi