Yuxarı
    Bağlamaq

    AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda yeni şöbələr yaradılıb

    Yer Elmləri Bölməsinin növbəti büro iclasında Xəbərlər jurnalının vəziyyəti də müzakirə olunub

    Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirilib.

    AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclası açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

    Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Qazma və sement məhlulları” laboratoriyasının müdiri, texnika elmləri doktoru Elçin Kazımovun “Kiçik təsir və həyəcan effekti əsasında qazmada yaşıl texnologiyalar” mövzusunda elmi məruzəsi dinlənilib. E.Kazımov deyib ki, termobarik şəraitlərlə xarakterizə olunan geoloji kəsilişlərdə qəza və mürəkkəbləşmələrin baş vermə riskinin azaldılması məqsədilə “kiçik təsir və həyəcan effekti” nəzəriyyəsi əsasında yeni elmi-praktik işləmə həyata keçirilib. Məruzəçi dünya qazma praktikasında ilk dəfə olaraq nanolaşdırılmış mühitdə “erkən turbulentlik”, “nanoyaddaş” və “uzunömürlülük” effektlərinin əldə olunduğunu bildirib: “İqtisadi cəhətdən əlverişli, ekoloji təmiz nanoölçülü komponentlərdən istifadə etməklə ekoloji baxımdan təhlükəsiz olan yağlayıcı əlavələr, stabilləşdirici reagentlər, ağırlaşdırıcı materiallar və quyuların möhkəmləndirilməsi üçün nanosement tərkibləri işlənilib. Tətbiq olunan bu sistemlər quyuların qazılmasında və quyudibi zonanın bərkidilməsində qəza və mürəkkəbləşmələrsiz, müvəffəqiyyətlə tətbiq olunub. Müvafiq işləmələr Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Patent sənədləri ilə qüvvədədir. Son yeddi ildə əldə olunan nailiyyətlər Almaniya, Başqırdıstan, Tatarıstan, Özbəkistan, Qazaxıstan, İran və Vyetnamda keçirilən beynəlxalq konfrans və sərgilərdə nümayiş edilib, YUNESKO-nun “elm və nanotexnologiyalar” ensiklopediyasında dərc olunub, qızıl medala layiq görülüb”.

    İclasda AMEA "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının vəziyyəti də müzakirə olunub. 

    AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək jurnalda dərc edilən məqalələrin keyfiyyət göstəricilərinin yüksəldilməsinin vacib məsələ olduğunu bildirib.

    Daha sonra bir sıra struktur məsələləri müzakirə olunub. AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda “Seysmologiya və seysmik təhlükə” və “Mühəndisi geofizika” şöbələrinin yaradılması haqqında qərar qəbul edilib.

    İclasda akademik Pərviz Məmmədovun 80 illik, akademik Hətəm Quliyevin isə 70 illik yubileyinin keçirilməsi barədə qərar da qəbul olunub.

    Sonda bir sıra cari məsələlərə baxılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi