Yuxarı

AMEA-nın elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər keçirilib

Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin növbəti iclası keçirilib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri diqqətə çatdırıb. O bildirib ki, bugünkü iclasda bölmənin Molekulyar Biologiya və Biotexnologiya, Zoologiya, Genetik Ehtiyatlar və Torpaqşünaslıq və Aqrokimya institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək.

Bildirilib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, bölmənin bürosu və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülür. Əvvəlcə direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc olunur, bir ay müddətində sənədlər qəbul edilir. Daha sonra bölmədə gizli səsvermə yolu ilə seçkilər aparılır. Seçilən namizədlər AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunur.

İclasda bölmənin elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri akademik Qərib Məmmədov olmaqla, tərkibi (AMEA-nın müxbir üzvləri Nuru Bayramov və Sudeyif İmamverdiyev) seçilib.

Gizli səsvermə yolu ilə akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutu, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutu, aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyev isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə seçilib.

Tədbirdə Botanika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilovanın 60 illik yubileyinin keçirilməsi, Dendrologiya İnstitutunda Təhsil şöbəsinin yaradılması məsələlərinə də baxılıb.

Sonda bir sıra kadr məsələləri müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi