Bu il AMEA-nın "Elm TV" internet televiziyasının rəsmi saytı hazır olacaq

Bu il AMEA-nın "Elm TV" internet televiziyasının rəsmi saytı hazır olacaq 10 nəfərdən ibarət işçi heyəti formalaşıb
Elm və təhsil
20 İyun , 2015 11:03
Bu il AMEA-nın Elm TV internet televiziyasının rəsmi saytı hazır olacaq

Bakı. 20 iyun. REPORT.AZ/ "Çox güman ki, bu ilin payız-qış aylarında AMEA-nın "Elm TV" internet televiziyasının rəsmi saytı hazır olacaq". Bu barədə "Report"a "Elm TV"nin rəhbəri Xatirə Cabbarzadə bildirib.

O deyib ki, "Elm TV" Azərbaycanın ilk elmi internet televiziyasıdır: "Hazırda xəbərlərimiz Akademiyanın rəsmi veb-saytı olan science.gov.az portalında yayımlanır. Eyni zamanda, AMEA İnformasiya Texnologiyaları İnstitutunun bir qrup mütəxəssisi beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif bölmələri və zəngin video-qalereyanı özündə əks etdirən rəsmi saytımızı hazırlayır. Dəqiq domen adı hələlik məlum olmasa da, kanalımızın elmtv.az adlandırılacağı güman edilir. Onu da qeyd edim ki, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatına şəbəkə üzərindən yayımlanma imkanı əldə etmişik, yaxın gələcəkdə digər institut və təşkilatlarda da translyasiya mümkün olacaq".

Telekanalın gələcək fəaliyyətinin AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində davam etdirmək məsələsinin gündəmdə olduğunu deyən X. Cabbarzadə bildirib ki, "Elm TV"nin efir məkanına çıxması yaxın gələcək üçün planlaşdırılmır: "Hazırda sırf internet televiziyası kimi fəaliyyət göstəririk. Müasir dövrdə interaktiv televiziya qlobal anlayış olduğundan bu, elektron medianın inkişafında yeni mərhələdir. Bəzi televiziyalardan birgə elmi verilişlər hazırlamaq üçün təkliflər almışıq. Hazırda hansı kanalı açırıqsa, orada elmi, elmi-populyar verilişlərin demək olar ki, olmadığını görürük. Ona görə də gələcəkdə bu kimi təklifləri dəyərləndirməyi düşünürük".

X.Cabbarzadə bildirib ki, "Elm TV"nin "10 nəfərdən ibarət işçi heyəti formalaşıb: "Onların da əksəriyyətini gənclər təşkil edir. Hər kəs öz işini böyük həvəslə yerinə yetirir. Son zamanlar AMEA prezidenti Akif Əlizadənin rəhbərliyi ilə aparılan islahatlar, həyata keçirilən layihələr bizə də böyük stimul verir. Gənclərin elmə cəlb olunması, elmin gəncləşməsi əsas məqsədlərdən biridir. Biz AMEA-nın institutut və təşkilatlarında keçirilən tədbirləri lentə almaqla yanaşı, gənc alim və mütəxəssislərin də həyata keçirdiyi biri-birindən maraqlı bütün layihələri işıqlandıraraq onlara dəstək olmağa çalışırıq".

O, həmçinin qeyd edib ki, bu ilin noyabr ayında AMEA-nın 70 illik yubileyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlə əlaqədar "Elm TV"nin üzərinə xüsusi vəzifələr düşür: "Bununla bağlı, fəaliyyət planına uyğun olaraq çox maraqlı süjetlər hazırlanır".

Son xəbərlər

Orphus sistemi