AMEA-nın doktoranturasına qəbul imtahanlarının vaxtı açıqlanıb

AMEA-nın doktoranturasına qəbul imtahanlarının vaxtı açıqlanıb İki saat davam edəcək imtahanlarda bütün suallar 2 balla qiymətləndiriləcək
Elm və təhsil
13 Noyabr , 2015 15:20
AMEA-nın doktoranturasına qəbul imtahanlarının vaxtı açıqlanıb

Bakı. 13 noyabr. REPORT.AZ/ "AMEA-nın doktoranturasına qəbul imtahanları noyabrın 16-dan dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək". "Report" xəbər verir ki, bunu AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, imtahanların 1-ci həftəsi ixtisas fənləri üzrə təşkil olunacaq: "2-ci həftə fəlsəfə, 3-cü həftə isə xarici dil imtahanları üzrə keçiriləcək. İmtahanlar test üsulu ilə olacaq. İki saat davam edəcək imtahanlarda bütün suallar 2 balla qiymətləndiriləcək. Namizədlərə 50 sual təqdim olunacaq. İmtahan komissiyası nəticələri təhlil edərkən 90-100 bal arası toplayan namizədlərə "əla" qiymət yazılacaq".

"Bəziləri Akademiyanın xarici dillə bağlı qoyduğu tələblərin çox sərt olduğunu bəyan edirlər. Lakin bu sahəyə gələn kadrların dil biliyinin yüksək olmasının tərəfdarıyıq. Buna baxmayaraq, bu il üçün pilot layihə olduğundan xarici dillə bağlı ola bilsin ki, 100 nəfərlik sınaq imtahanı keçirək. Bundan sonra nəticələri Akademiyanın rəhbərliyinə təqdim edək ki, vəziyyət necədi. Bu qərar yox, sadəcə təklifdir. Hazırda rəhbərlik bu təklifə heç bir cavab verməyib. Əgər bu təklifimiz keçərli olsa, güzəştimiz yalnız bu il üçün imtahan verən namizədlərə şamil ediləcək. Əsas odur ki, xarici dillə bağlı qəbul olunan tələblərimiz dəyişməz olaraq qalır", - idarə rəisi əlavə edib.

Xatırladaq ki, AMEA-nın fəlsəfə doktoru proqramı üzrə bu il doktoranturaya yalnız əyani olmaqla 93, dissertanturaya isə 136 plan yeri verilib. Elmlər doktoru proqramı üzrə doktoranturaya cəmi 41 plan yeri təsdiq olunub ki, bunun da 2-si əyani, 39-u qiyabidir. Elmlər doktoru üzrə dissertanturaya isə 76 plan yeri təsdiq edilib.

Qeyd edək ki, bu ildən namizədlər ingilis dilindən TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplamalıdır.

Son xəbərlər

Orphus sistemi