AMEA-nın doktorantura və doktorluq imtahanlarında iştirak etmək üçün ərizə verənlərin sayı açıqlanıb

AMEA-nın doktorantura və doktorluq imtahanlarında iştirak etmək üçün ərizə verənlərin sayı açıqlanıb Elmlər doktoru proqramı üzrə doktoranturaya ərizə verənlər az olub
Elm və təhsil
16 Noyabr , 2015 17:36
AMEA-nın doktorantura və doktorluq imtahanlarında iştirak etmək üçün ərizə verənlərin sayı açıqlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ AMEA-nın doktorantura və doktorluq imtahanlarında iştirak etmək üçün ərizə verənlərin sayı açıqlanıb. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov "Report"a açıqlamasında bildirib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya təsdiq olunan 93 yerə 97 nəfər sənəd verib.

Onun sözlərinə görə, dissertanturaya 136 plan yerinə 195 nəfər ərizə ilə müraciət edib: "Elmlər doktoru proqramı üzrə doktoranturaya 41 plan yerinə 32, dissertanturaya 76 plan yerinə 95 sənəd verib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya ayrılan plan yerlərinə ərizə saylarının az olmasına səbəb elmlər doktoru olmaq istəyən şəxslərin başqa vəzifələrdə çalışmasıdır. Təcrübə göstərir ki, namizədlər fəlsəfə doktoru elmi dərəcəsini aldıqdan sonra elmi fəaliyyətlərini davam etdirmək istəmirlər. AMEA maraqlıdır ki, daha yüksək kadrlar yetişsin. Ona görə də elmlər doktoru proqramı üzrə daha çox yer ayırırıq. Təqaüd məsələsi də bu istiqamətdə mühüm rol oynayır. Çünki elmlər doktoru elmi dərəcəsi alan şəxslərin maaşları təqaüdlərdən çox olur deyə, doktoranturaya getmək istəmirlər".

Ə.Sadıqov onu da qeyd edib ki, xarici dil imtahanları üçün qoyulan tələblərlə bağlı şərtlərin sadələşdirilməsi yalnız imtahanın nəticələrindən sonra ola bilər: "Lakin hələlik heç bir güzəşt nəzərdə tutulmayıb. Bu qərarı AMEA-nın prezidenti Akif Əlizadə verib. O bildirdi ki, hər kəs xarici dil üçün qoyulan tələbləri ödəməlidir. İmtahan nəticələri akademiyanın Rəyasət Heyətində müzakirə olunacaq. Əgər məsləhət olarsa, müəyyən qərarlar qəbul edilə bilər".

Xatırladaq ki, doktoranturaya qəbul imtahanları bu gündən etibarən dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək. İmtahanlar test üsulu ilə olacaq. İki saat davam edəcək imtahanlarda bütün suallar 2 balla qiymətləndiriləcək. Namizədlərə 50 sual təqdim olunacaq.

Qeyd edək ki, bu ildən namizədlər ingilis dilindən TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplamalıdır.

Son xəbərlər

Orphus sistemi