AMEA Kür daşqınlarının zəiflədilməsi üçün tövsiyə verib

AMEA Kür daşqınlarının zəiflədilməsi üçün tövsiyə verib ​Coğrafiya İnstitutunun əməkdaşları Neftçala və Salyanda dron çəkilişlərini sınaqdan çıxarıblar
Elm və təhsil
27 İyun , 2018 09:58
AMEA Kür daşqınlarının zəiflədilməsi üçün tövsiyə verib
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı iyunun 23-24-də bu elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədovun rəhbərliyi ilə Neftçala və Salyan rayonlarında ekspedisiyada olub.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Alimlər ekspedisiya zamanı dron çəkilişlərini sınaqdan çıxarıblar. Bunun üçün onlar AMEA-nın Yüksək Texnologiyalar Parkından özləri ilə götürdükləri pilotsuz uçan aparatdan istifadə ediblər. Əsas məqsəd dron vasitəsilə Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində, habelə Xəzərin sahil zonasında tədqiqat aparmaq, mövcud vəziyyətin məsafədən zondlama üsulu ilə fotoşəkillərini çəkmək, gələcəkdə kameral şəraitdə həmin şəkilləri əvvəlki fotoşəkillər və irimiqyaslı xəritələrlə müqayisə edib sahil zonasında və Kür deltasında baş vermiş dəyişikliklərin əsas tendensiyasını aşkarlamaq olub.

Dron uçuşları quruda, Kürün sahili ilə uzanan bəndin üzərində aparılıb. Həmin ərazidə ilkin landşaft tədqiqatları aparılaraq xeyli faktik material əldə olunub. Müəyyən edilib ki, son bir neçə il ərzində Kürün sahillərində, çayın mənsəbindəki deltada, çay vasitəsilə ərazidən ayrılmış adalarda xeyli dəyişikliklər baş verib. Lakin çayın yaratdığı adalarda təbii landşaft antropogen dəyişikliklərə daha az məruz qalıb.

Mütəxəssislər, eyni zamanda, Bankə qəsəbəsindən Kürün Xəzərə töküldüyü yerə qədər 20 kilometrlik məsafəni qayıqla keçərək, orada da drondan istifadə etməklə təqribən 500-ə qədər şəkil çəkiblər. Kürün yatağında baş vermiş dəyişikliklər də alimlərin diqqətini cəlb edib. Onlar bu nəticəyə gəliblər ki, gələcəkdə çay daşqınlarının zəiflədilməsi üçün Kürün mənsəbində çay yatağının təmizlənməsi (dərinləşdirilməsi) işi davam etdirilməlidir.

Son xəbərlər

Orphus sistemi