Bakı. 12 mart. REPORT.AZ/ AMEA Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planı təsdiq olunub. "Report" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bugünkü iclasında məruzə edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib.
O qeyd edib ki, ölkədə davamlı olaraq həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyi, xüsusən də onun avanqard hissəsi olan kreativ təfəkkürlü intellektual gənclik qarşısında tamamilə yeni vəzifələr irəli sürür: "Dövlətin gənclər siyasəti ilə bağlı çağırışlarının ruhuna uyğun olaraq, AMEA-da da gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi ilə ölkənin ictimai, sosial və mədəni həyatında intellektual gəncliyin çəkisinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq bu il yanvarın 30-da Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki konfransı keçirilib və şuranın 2014-cü il üzrə hesabatı qəbul olunub. Həmçinin hesabat-seçki konfransında Gənc Alim və Mütəxəssislər şurasına 2015-ci il üzrə fəaliyyət planını hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim etmələri tapşırılıb".
R.Əliquliyev qeyd edib ki, ötən müddət ərzində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası üzvlərindən ibarət işçi qrup illik fəaliyyət planını hazırlayıb, AMEA Rəyasət Heyətinə təqdim edib.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planı təsdiq olunub. AMEA-nın elmi müəssisə və təşkilatlarının Gənc alim və mütəxəssislər şuralarına tapşırılıb ki, özlərinin illik fəaliyyət planlarını hazırlayıb şuraya təqdim etsinlər. Bu və ya digər qərarların icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.