AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib Azərbaycanda II Elm Festivalı keçiriləcək
Elm və təhsil
12 Oktyabr , 2016 16:26
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib. 

“Report” xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, AMEA-nın akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və Rəyasət Heyətinin məsul işçiləri iştirak ediblər.

AMEA prezidenti Akif Əlizadə qurumun səlahiyyətinə daxil olan bir neçə məsələ barədə təklif və iradlarını bildirərək II Azərbaycan Elm Festivalından danışıb: "I ­Elm Festivalında 15 m­indən çox insan iştir­ak edib. Bu il isə on­ların sayının 60 minə­ yaxın olacağı gözlən­ilir”.

Bakı Elm Festivalının direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva isə deyib ki, II Azərbaycan Elm Festivalının oktyabrın 31-i paytaxtda təntənəli açılışı olacaq: "II Azərbaycan Elm Festivalı noyabrın 5-dək davam edəcək. Festival çərçivəsində noyabrın 1-i Naxçıvanda, 2-si Sumqayıt, 4-ü Şəkidə, 5-i Gəncədə bir sıra tədbirlər baş tutacaq. Festivalın bağlanış mərasimi Gəncədə baş tutacaq".

Direktor qeyd edib ki, festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Təhsil, Yüksək Texnologiyalar nazirlikləri, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq: "Akademiyanın elmi bölmə və regional elmi mərkəzlərinə ekskursiyalar təşkil ediləcək. Bundan əlavə, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş olunacaq. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, həmçinin yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur".

İclasda AMEA-nın elmi müəssisələrinin illik hesabatları, AMEA-nın magistraturasına qəbul planı, II Elm Festivalının keçirilməsi, Akademiya əməkdaşlarının uzunmüddətli xarici ezamiyyətləri və SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi kimi məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi