AMEA-da elmi müəssisələrin Direktorlar Şurasının iclası keçirilib

AMEA-da elmi müəssisələrin Direktorlar Şurasının iclası keçirilib Əminağa Sadıqov: “AMEA-da 200 nəfər doktorant və dissertant xarici dil fənnindən imtahan verəcək”
Elm və təhsil
10 İyun , 2016 19:56
AMEA-da elmi müəssisələrin Direktorlar Şurasının iclası keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin Direktorları Şurasının iclası keçirilib. 

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti Aparatının idarə və şöbələrinin rəisləri iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da öz əksini tapan Azərbaycan elminin gələcək hədəfləri və elmi fəaliyyətdə nəzərdə tutulan bir sıra mühüm istiqamətlər haqqında danışıb. Bildirib ki, uğurla yekunlaşan Milli Strategiya elmimizin ayrı-ayrı sahələrinin inkişafına, elm və təhsilin inteqrasiyasına təkan verib.

AMEA rəhbəri hazırda Akademiyada prioritet fəaliyyət istiqamətlərindən birinin respublikada elmin inkişaf doktrinasının hazırlanması olduğunu vurğulayıb. Akademik bildirib ki, bunun üçün ilk növbədə AMEA-da müxtəlif elm sahələrinin mövcud vəziyyəti və qarşıda duran vəzifələri institut və bölmələr tərəfindən müəyyənləşdirilməli, daha sonra Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməlidir.

Sonra AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov Akademiyanın doktorantura və dissertanturasına qəbul planı və bu plana uyğun olaraq yerinə yetirilməsi nəzərdə tutulan dissertasiya mövzuları haqqında çıxış edib. Bildirib ki, dissertasiya mövzuları təsdiq olunarkən onların müvafiq elmi sahənin perspektiv inkişafı üçün əhəmiyyətli olması, hər bir namizədin mövzusu ilə bağlı apardığı elmi tədqiqat və araşdırmaların mühüm sosial-iqtisadi önəm kəsb etməsi nəzərə alınmalıdır.

Gündəlikdə yer alan növbəti məsələ doktorantura və magistraturada yay imtahan sessiyasının gedişi, AMEA-nın magistraturasına qəbulun təşkili haqında olub.Əminağa Sadıqov bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əsasən respublikada ali təhsilin magistratura pilləsi üçün 2015/2016-cı tədris ilinin yaz semestri 2016-cı il mayın 31-də başa çatıb.

Əminağa Sadıqov AMEA prezidentinin Akademiyanın magistrantları üçün yay imtahan sessiyasının 2016-cı ilin iyunun 1-dən iyulun 5-dək keçirilməsi ilə əlaqədar Sərəncamına toxunaraq qeyd edib ki, sənədə əsasən ümumi fənlər üzrə imtahanlar 10, 13, 16 iyun tarixlərində test üsulu ilə təşkil olunacaq.

Professor AMEA-nın doktorantlarından və dissertantlarından doktorluq imtahanlarının qəbulunu təşkil etmək və Akademiyanın magistranları üçün yay imtahan sessiyasının keçirilməsi məqsədilə imzalanmış sərəncamları xatırladıb. Qeyd edib ki, ingilis dili üzrə doktorluq imtahanları Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq IELTS proqramı üzrə həyata keçirilir.

Sonra idarə rəisi bu ilin may ayında ingilis dili üzrə keçirilmiş doktorluq imtahanlarının nəticələri haqqında geniş məlumat vərərək bildirib ki, bu sahədə uğurlu nəticələr əldə edilib. O, AMEA prezidentinin sərəncamı ilə yaradılmış xüsusi komissiya tərəfindən yaxın günlərdə doktorant və dissertantların alman və fransız dillərindən doktorluq imtahanının təşkil olunacağını vurğulayıb. Professor qeyd edib ki, xarici dil fənnindən ümumilikdə 200 nəfər imtahan verəcək.

Əminağa Sadıqov bildirib ki, dissertantların fəlsəfə fənnindən doktorluq imtahanı 20-22 iyun tarixlərində xüsusi komissiya tərəfindən keçiriləcək. İnstitutlardan təqdim olunan siyahıya əsasən imtahanlarda iştirak etmək üçün 143 nəfər qeydiyyatdan keçib. Alim may ayında başlayan ixtisas fənlərindən doktorluq imtahanlarının bəzi institutlarda artıq yekunlaşdığını, bəzilərində isə davam etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ixtisas fənlərindən ümumilikdə 375 nəfər imtahan verəcək.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və digərləri mövzular ətrafında çıxış edib, bir sıra təkliflər irəli sürüblər.

Son xəbərlər

Orphus sistemi