Yuxarı

AMEA-da yeni təyinatlar olub

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

"Report" xəbər verir ki, ilk olaraq AMEA prezidenti, akademik Akif Əlizadə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Mehdiyevə Azərbaycan elminin inkişafında xidmətlərinə görə layiq görüldüyü “Şöhrət” ordenini təqdim edib. Həmçinin alim 80 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

İclasın davamında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) və Aqrar Elmlər Bölməsinin (AEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. İclasda AMEA-nın Rəyasət Heyəti tərəfindən tövsiyə olunan elmi tədqiqat proqramları məsələsinə də toxunulub. Bildirilib ki, 2014-cü ildə elmi tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edilib. Müsabiqəyə təqdim olunmuş proqramlar Ekspert Komissiyası və müvafiq elmi bölmələrin rəyinə əsasən fundamental elmi problemlərin həllinə yönəlmiş elmi tədqiqat proqramları müəyyənləşdirilib. Məsələ ilə bağlı müzakirələrdən sonra elmi tədqiqat proqramlarının rəhbərlərinə qısa müddət ərzində proqramları müəyyən olunmuş formada hazırlayıb institutun elmi şurasının rəyi ilə birlikdə müvafiq elmi bölmələrə və Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etmələri tapşırılıb.

Sonra tədbirdə 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi qələbəsinin 70-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi ilə bağlı məsələ müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə 5 may 2015-ci il tarixində Respublika Veteranlar Şurası ilə birlikdə "Böyük Vətən müharibəsi qələbəsində Azərbaycan alimlərinin rolu" mövzusunda beynəlxalq konfransın keçirilməsi məqsədəuyğun hesab edilib. Konfransın təşkilini təmin etmək məqsədilə komissiya yaradılıb. Bundan əlavə, Nazirlər Kabinetinin məktubu əsasında Moskva şəhərində "Biz nasizmə qarşı birlikdə idik" adlı beynəlxalq sərgi layihəsində Akademiyanın iştirakının da nəzərdə tutulduğu vurğulanıb. İclasda həmçinin Georgi Zaplatinin Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinin qələbəsinə verdiyi töhfələrini əks etdirən "Vətənə və elmə xidmət etdilər..." kitabının yenidən işlənilmiş variantının nəşrinin təmin edilməsi qərara alınıb.

Tədbirdə AMEA-nın yeni struktur layihəsi də müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA-nın Nizamnaməsinin təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə yaradılmış İşçi qrupu AMEA-nın yeni struktur layihəsini hazırlayaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim edib. Yeni strukturun təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunması barədə qərar qəbul edilib.

Növbəti müzakirə Şimal bölgəsində elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi, regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaların lazımı səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün əlverişli şəraitin yaradılması məqsədilə AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması məsələsi olub. Mərkəzin yaradılması ilə bağlı müvafiq qaydada vəsatət qaldırılması qərarla qəbul edilib. Aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov mərkəzin direktoru vəzifəsini icra edən təyin olunub.

Sonda bir sıra kadr məsələlərinə toxunulub. Fail Kazımov AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov şöbənin rəis müavini vəzifəsinə, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov isə Elm və təhsil idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi