Yuxarı

AMEA-da və universitetlərdə doktorantura təhsil sisteminin yeni modeli hazırlanacaq

İşlərin həyata keçirilməsi, təkliflərin toplanması və sistemləşdirilməsi üçün AMEA-da İşçi Qrupun yaradılması qərara alınıb

Bakı. 25 may. REPORT.AZ/ "Beynəlxalq elmi əlaqələrin dinamik inkişafı və dünya elmi nailiyyətlərinin öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir".

"Report"un məlumatına görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

Ölkədə təhsil sahəsində aparılan islahatların bakalavr və magistratura pillələrində əhəmiyyətli nəticələr verdiyini söyləyən akademik beynəlxalq elm aləminə tam inteqrasiya üçün elmi dərəcələr üzrə də islahatlara ehtiyac yarandığını qeyd edib.

O bildirib ki, ötən ilin dekabr ayından etibarən Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi həyata keçirilir. Layihənin baş koordinatoru Fransanın Monpelye Universitetidir.

A.Əlizadə əlavə edib ki, layihə çərçivəsində AMEA-da və ölkənin ali təhsil müəssisələrində doktorluq təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni modelin hazırlanması nəzərdə tutulub: "Bu da öz növbəsində AMEA qarşısında doktorantura təhsilində islahatlar istiqamətində öhdəliklər yaradır".

İclasda AMEA-nın strukturlarına Azərbaycanda doktorantura təhsilinə dair təkliflərin hazırlanması tapşırılıb. Həmçinin layihə çərçivəsində cari işlərin həyata keçirilməsi, təkliflərin toplanması və sistemləşdirilməsi üçün AMEA-da İşçi Qrupun yaradılması qərara alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi