Yuxarı
    Bağlamaq

    AMEA-da "Türk dünyası coğrafiyası" çoxcildliyi hazırlanacaq

    AMEA Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

    Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun (Cİ) Elmi Şurasının növbəti iclası keçirilib. 

    İnstitutdan "Report"a verilən məlumata görə, iclasın sədri, Cİ-nin direktoru, akademik Ramiz Məmmədov oktyabrın 24-dən 27-dək İzmir şəhəri, Ege Üniversitəsində keçirilən İkinci Türkiyə-Azərbaycan Coğrafiya Günləri haqqında məruzə ilə çıxış edib. 

    Bildirilib ki, plenar iclasda və təyinat üzrə ayrılan seksiyalarda müxtəlif mövzularda məruzələr dinlənilib. Cİ alimləri - akademik Ramiz Məmmədov “Xəzər dənizinin səviyyə dəyişkənliyinin səbəbi və uzunmüddətli proqnozu”, coğrafiya üzrə elmlər doktorları Məhəmməd Abduyev “Azərbaycanın çay sularının keyfiyyəti və içməli su təminatında onların rolu” və Zakir Eminov “Müasir dövrdə dünyada demoqrafik vəziyyətin əsas meylləri və türkdilli ölkələrdə baş verən dəyişikliklər”, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov “Şərqi Qafqaz dağarası çökəkliyi landşaftlarının struktur-genetik xüsusiyyətləri və təbii ekoloji potensialı”, elmi işçi Elşən Abdullayev “Cənubi Xəzərin qərb bortunda Alt Pliosen çöküntülərində gil minerallarının xüsusiyyətləri” mövzularında məruzə ediblər. 

    Ramiz Məmmədov Ege Üniversitəsinin Okeanologiya Mərkəzində olmuş, orada “Qlobal iqlim dəyişkənliyi və Xəzər dənizinin səviyyə tərəddüdləri” mövzusunda, İnstitutun İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov isə Dokuz Eylül Universitəsində keçirilən “Enerji, Xəzər dənizinin statusu və türkdilli ölkələrin demoqrafiq vəziyyəti” konfransında “Türkdilli ölkələrdə demoqrafiq inkişafın əsas meylləri” mövzusunda məruzə ilə çıxış ediblər.

    R.Məmmədov İkinci Türkiyə-Azərbaycan Coğrafiya Günlərində çoxdan arzusunda olduğu, görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun Türk Dünyası Coğrafiyası çoxcildliyinin yaradılması ideyasını gerçəkləşdirmək təklifini irəli sürmüş, bu təşəbbüs böyük razılıq və məmnunluq hissi ilə qəbul edilmişdir. Alim əlavə edib ki, bu fikri AMEA prezidenti akademik Akif Əlizadəyə çatdırarkən o, vaxt itirmədən işə başlamağı tövsiyə etmiş, bu məsələdə Coğrafiya İnstitutunu dəstəkləyəcəyini söyləyib.

    R.Məmmədov qeyd edib ki, o və çıxış edən digər məruzəçilər qardaş ölkə coğrafiyaçıları arasındakı əlaqələrin – elmi-tədqiqat mövzularının işlənməsi, qrant layihələrinin həyata keçirilməsi, doktorant və dissertantların qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını alqışlamış, bu münasibətlərin hər iki ölkənin coğrafiya elminin inkişafına müsbət təsir göstərəcəyinə, yeni-yeni nailiyyətlərə sövq edəcəyinə inandıqlarını ifadə ediblər.

    Elmi Şuranın iclasında “Türk dünyası coğrafiyası” çoxcildliyinin hazırlanması üçün İşçi Qrup yaradılıb və onun 6 nəfərdən ibarət tərkibi təsdiq olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi