Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın Akademiyada icrası ilə bağlı məsələyə baxılıb.
"Report" xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikada davamlı olaraq həyata keçirilən gənclər siyasətinin əsas məqsədinin cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq olduğunu deyib.
Akademik AMEA-ya tapşırılan işlərin icrasının təmin edilməsi üçün Tədbirlər Planının hazırlandığını bildirib.
Məsələ müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə dövlət proqramının icrası ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə tapşırıqlar verilib.