Yuxarı

AMEA-da əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb

AMEA-da əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb
Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və “INTERTELECOM” MMC şirkətinin prezidenti Reza Vaziri imzalayıblar

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə "INTERTELECOM” MMC şirkəti arasında əməkdaşlıq haqqında niyyət sazişinin imzalama mərasimi olub.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə “INTERTELECOM” MMC ilə əməkdaşlığın önəmindən danışıb. Akademik deyib ki, bu saziş Azərbaycan elminin innovativ fəaliyyətinə, elmlə istehsalatın qarşılıqlı əlaqəsinə böyük töhfə verəcək: “Niyyət sazişi müasir elmi nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkının böyük imtiyazları olduğu üçün innovativ fəaliyyətlərimizi uğurla həyata keçirə biləcəyik. Əminəm ki, Azərbaycan alimləri sizinlə əməkdaşlıqdan böyük təcrübə qazanacaq”.

“INTERTELECOM” MMC şirkətinin prezidenti Reza Vaziri akademiyada olmaqdan məmnunluğunu bildirib: “İndiki dünyada elmin nəticəsi sərvətdir. Bu gün biz elmlə sərvətin təməlini qoyacaq sazişi imzalayacağıq. Ümid edirəm ki, əməkdaşlığımız nəticəsində böyük uğurlar əldə edəcəyik”.

AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev və İnnovasiya şöbəsinin rəisi, Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev sazişin əhəmiyyətindən, elmin kommersiyalaşdırılmasında gələcək rolundan danışıblar.

Tərəflər ölkədə elm və texnologiya siyasətinin formalaşdırılması, milli innovasiya sisteminin yaradılması, bir sıra mühüm layihə və proqramların icrası, mövcud infrastrukturun təkmilləşdirilməsi, həmçinin birgə zəruri əməkdaşlıq istiqamətlərinin müəyyən olunması məqsədilə Niyyət Sazişi imzalayıb.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və “INTERTELECOM” MMC şirkətinin prezidenti Reza Vaziri imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi