Yuxarı
    Bağlamaq

    AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün yaradılan Ekspert komissiyasının yekun iclası keçirilib

    İmtahanlar çoxvariantlı, hər bir varianta 50 sual, müddət isə 2 saat müəyyənləşdirilib

    Bakı. 4 noyabr. REPORT.AZ/ AMEA Rəyasət Heyətində 2015-2016-cı tədris ilində doktoranturaya qəbul və doktorluq imtahanlarında test texnologiyalarının tətbiqi ilə əlaqədar yaradılan Ekspert komissiyasının yekun iclası keçirilib. AMEA-dan "Report"a verilən xəbərə görə, məqsəd fənn proqramlarının və həmin proqram üzrə test suallarının hazırlıq vəziyyəti ilə bağlı olub.  

    Ekspert Komissiyasının sədr müavini, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov bildirib ki, ötən iclasdan sonra Komissiya üzvləri müvafiq institutlarda aparıcı mütəxəssisləri cəlb edərək testləri təhlil edib, onların dürüstlüyü, imtahan suallarının ixtisas fənləri üzrə tərtib olunmuş proqramları tam əhatə etməsi, fənn proqramlarının və test bankının qoyulmuş digər tələblərə uyğunluğu araşdırılıb və ətraflı təhlil edilib. 

    Ə.Sadıqov qeyd edib ki, Komissya üzvlərinin təklifləri ümumiləşdirilib AMEA Rəyasət Heyətinə təqdim edilməlidir.

    Sonra Komissiya üzvləri çıxış edərək tərtib olunmuş fənn proqramları və test suallarının tələblərə uyğun tərtib edildiyini vurğulayıblar. Qeyd olunub ki, fənn proqramları və test sualları yoxlanılarkən aşkar olunan bəzi nöqsanların aradan qaldırılması üçün müvafiq institutlara tövsiyələr verilib.

    Geniş müzakirələrdən sonra imtahanların çoxvariantlılıq təmin olunmaqla təşkil edilməsi, onların mürəkkəblik dərəcəsinə görə təsnif olunması, hər bir varianta 50 sualın daxil edilməsi, imtahanın müddətinin 2 saat müəyyənləşdirilməsi və digər təkliflər ümumiləşdirilərək Komissiyanın yekun rəyi hazırlanıb və səsə qoyularaq qəbul edilib.

    İclasın sonunda Komissiyanın yekun rəyinin AMEA Rəyasət Heyətinə təqdim olunması barədə qərar qəbul olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi