Yuxarı

AMEA Folklor İnstitutunda yeni şöbə yaradılıb

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. "Report" xəbər verir ki, iclası institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

Yığıncaqda ilk olaraq AMEA Folklor İnstitutunda Cənubi Azərbaycan folkloru şöbəsinin yaradılması məsələsi müzakirə olunub. Daha sonra M.İmanov AMEA-nın digər institutlarında Cənubi Azərbaycanı araşdıran şöbələrin olduğunu bildirib, Folklor İnstitutunda Cənubi Azərbaycan folklorunu araşdıran şöbənin yaradılmasının vacibliyini və əhəmiyyətini vurğulayıb.

Daha sonra Elmi Şura institutun Cənubi Azərbaycan folkloru şöbəsinin yaradılması haqqında qərar qəbul edib. İclasda həmçinin institutun “Arxetip” elmi jurnalının təsis edilməsi barədə məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.

Yığıncaqda Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları beynəlxalq elmi konfransının yekunları haqqında məlumat verən M.İmanov tədbirin yüksək səviyyədə keçirildiyini, KİV-də geniş şəkildə işıqlandırıldığını bildirib.

2014-cü il üçün AMEA Folklor İnstitutunun doktoranturasına fəlsəfə doktoru proqramı üzrə qəbulun nəticələri haqqında institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov məlumat verib. Elmi Şura müsabiqənin nəticələrinə əsasən, Ü.Yusifovanın əyani, G.Məmmədovanın qiyabi doktoranturaya qəbul edilməsi barədə qərar qəbul edib. Doktoranturaya qəbul imtahanlarında yüksək nəticə əldə etmiş D.Səfərova üçün də əlavə yer ayrılması məqsədilə AMEA Rəyasət Heyətinə müraciət olunması məsləhət bilinib.

Sonda Klassik folklor şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ü.Əliyevaya və “Qazax-Borçalı” bölməsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru N.Həkimovaya dosent elmi adının verilməsi məsələsi müzakirə olunub, Elmi Şuranın üzvləri məsələnin lehinə səs veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi