Yuxarı
    Bağlamaq

    AMEA Coğrafiya İnstitutu beynəlxalq mükafata layiq görülüb

    İnstitutun əməkdaşları “Billur kompas” mükafatının “Finalist diplomu” ilə təltif olunublar

    Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu beynəlxalq mükafata layiq görülüb.

    İnstitutun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan ilk dəfə olaraq Rusiyanın Krasnodar şəhərində baş tutan Milli “Billur kompas” mükafatının IV təltifolunma mərasimində iştirak edib.

    Belə ki, Azərbaycandan müsabiqənin “Elmi nailiyyətlər” nominasiyasına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Elbrus Əlizadə və aparıcı elmi işçi, coğrafiya elmləri namizədi Starə Tarixazər “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” əsərini təqdim edib.

    Bu layihə Rusiya-Çin layihəsi ilə birlikdə finala çıxıb və Rusiya Coğrafiya Cəmiyyətinin Milli “Billur kompas” mükafatının “Finalist diplomu” ilə təltif olunub. 

    Qeyd edək ki, “Billur kompas” mükafatı Rusiya Federasiyasının coğrafiya, ekologiya, təbii tarixi irsin qorunması və təbliği sahəsində birinci mükafatdır. Hər il müsabiqə əsasında verilir. Qəyyumlar Şurasının sədri Rusiya prezidenti Vladimir Putin, prezidenti isə müdafiə naziri Sergey Şoyqudur.

    Mükafatın keçirildiyi dövrdə Rusiyanın 80 regionundan və dünyanın 19 ölkəsindən 815 layihə daxil olub. Müsabiqədə kvalifikasiya seçimindən keçmiş 227 layihə iştirak edib, onlardan 33-ü final mərhələsinə buraxılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi