AMEA Azərbaycan ərazisində radon qazının azaldılması üçün tədqiqatlar aparır

AMEA Azərbaycan ərazisində radon qazının azaldılması üçün tədqiqatlar aparır Yer kürəsində geniş yayılan radon qazı normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir
Elm və təhsil
9 İyun , 2015 13:59
AMEA Azərbaycan ərazisində radon qazının azaldılması üçün tədqiqatlar aparır

Bakı. 9 iyun. REPORT.AZ/ AMEA Geologiya və Geofizika İnstitutu Azərbaycanda radon qazının sağlamlığa mənfi təsir edə bilən riskinin azadılması istiqamətində tədqiqatlar aparır. İnstitutdan "Report"a verilən xəbərə görə, araşdırmalarda Avropa təcrübəsini tətbiq etmək məqsədilə Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri Çingiz Əliyevlə Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri Əkpər Feyzullayev İsveçrənin Luqano şəhərində yerləşən Tətbiqi Elmlər Universitetində (TEU) olublar.

Almaniya və Avstriya alimlərinin də iştirak etdiyi görüşdə tərəflər radon qazı ilə mübarizə istiqamətində təcrübələrini bölüşüblər. Müştərək tədqiqat imkanları müzakirə olunub, görülə biləcək konkret işlər müəyyənləşdirilib. Görüş iştirakçılarına müvafiq metodik vəsaitlər, o cümlədən radona qarşı mübarizədə yeni yanaşmaları əks etdirən nəşrlər təqdim olunub.

Geologiya və Geofizika İnstitutunun əməkdaşları İsveçrə səfərindən sonra Polşa Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda təşkil olunan "Radon ətraf mühitdə 2015" adlı beynəlxalq konfransda iştirak ediblər. Krakov şəhərində keçirilən beşgünlük tədbirdə Rusiya, Macarıstan, Avstriya, Fransa, İtaliya, Çin və s. ölkələr təmsil olunub. Planetin müxtəlif yerlərində radon təhlükəsi ilə bağlı araşdırmaların nəticələri və yeni tədqiqat imkanlarına dair 65 elmi məruzə dinlənilib.

Ç.Əliyev və Ə.Feyzullayevin birgə təqdim etdikləri "Azərbaycandakı tikililərdə və ətraf mühitdə radonun paylanma qanunauyğunluqları" adlı məruzə maraqla qarşılanıb.

Xatırladaq ki, Yer kürəsində geniş yayılan radon qazı normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir. Geologiya və Geofizika İnstitutu ölkə ərazisində radonun paylanmasının tədqiqinə TEU-nun alimləri ilə birgə 2010-cu ildə başlayıb. İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə aparılan tədqiqatlar nəticəsində "Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi" tərtib olunub. Radon qazı əsasən dağlıq ərazilərdəki bir sıra yaşayış binalarında normadan artıq müəyyən edilib.

Ç.Əliyev qeyd edib ki, radon riskli zonaların müəyyənləşdirilməsində xarici təcrübənin öyrənilməsi Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycanda radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı"nda qarşıya qoyulan vəzifələrdəndir. Proqramın icrasında Geologiya və Geofizika İnstitutu ilə birgə respublikanın Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları da iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi