Alman tələbələr BANM-in “Bakı Yay Neft Məktəbi”ndə olub

Alman tələbələr BANM-in “Bakı Yay Neft Məktəbi”ndə olub Proqramı uğurla tamamlayan iştirakçılar BANM tərəfindən sertifikatlarla mükafatlandırılacaqlar
Elm və təhsil
14 Sentyabr , 2016 19:48
Alman tələbələr BANM-in “Bakı Yay Neft Məktəbi”ndə olub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “Bakı Yay Neft Məktəbi”nin açılış mərasimi keçirilib. 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, BANM-in yay məktəbi keçirmək üçün təklif etdiyi layihə Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” proqramı çərçivəsində maliyyələşdirilmək üçün qəbul edilib.

Layihə rəhbəri BANM-in Keyfiyyətin təminatı şöbəsinin əməkdaşı Aytən Şadlinskayadır.

BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixindən, fəaliyyət istiqamətlərindən söz açıb, Ali Məktəbin əldə etdiyi uğur və nailiyyətlərə toxunub, həyata keçirilən layihələrdən danışıb. BANM-də bu layihənin reallaşmasının, o cümlədən Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 6 tələbənin bu layihədə iştirakından məmnunluğunu bildirib, layihə iştirakçılarına uğurlar arzulayıb.

DAAD-nin Bakıdakı informasiya mərkəzinin nümayəndəsi Stefani Dufo bildirib ki, bu layihə artıq ikinci dəfədir məhz BANM-də həyata keçirilir. O, alman tələbələrin belə bir layihədə iştirak etmək şansını qazanmalarının onların Azərbaycanın nüfuzlu ali təhsil müəssisəsi olan BANM-lə, ümumiyyətlə Azərbaycan ilə tanışlığına imkan verəcəyini söyləyib. S.Dufo Azərbaycanın qonaqpərvər bir ölkə olduğunu vurğulayıb.

Layihə rəhbəri Aytən Şadlinskaya layhə haqqında qısa məlumat verərək iştirakçıları təqdim edib.

Sonra BANM-in IV kurs tələbələri Fidan Səlim-zadə və Leyla Pişyari “Bakı Yay Neft Məktəbi”nin açılışına həsr etdikləri təqdimatla çıxış edibər.

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” proqramının çərçivəsində Bakı Ali Neft Məktəbi tərəfindən təşkil olunan “Bakı Yay Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 10 mütəxəssis iştirak edəcək. “Baki Yay Neft Məktəbi” sentyabrın 14-dən 24-dək BANM-də keçiriləcək. Layihə çərçivəsində tələbələrə BANM-in professor-müəllim heyəti tərəfindən Azərbaycanın enerji siyasəti, qlobal neft sənayesi, neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər, bərpaolunan enerji mənbələri mövzularında dərslər keçiriləcək. 

Layihə müddətində tələbələr akademik biliklərə yiyələnməklə yanaşı, həmçinin Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan Şəkiyə səyahət edəcək, Qobustan Milli Tarixi İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olacaq, Heydər Əliyev məscidini ziyarət edəcəklər. Ən nəhayət, proqram çərçivəsində tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Sənqaçal Neft Terminalı, palçıq vulkanları, tarixi neft quyuları, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərə səfər edəcəklər.

Proqramı uğurla tamamlayan iştirakçılar BANM tərəfindən sertifikatlarla mükafatlandırılacaqlar.

Son xəbərlər

Orphus sistemi