AMEA prezidenti: "Alimlərimiz patent və müəllif hüquqları sahəsində zəruri biliklərə malik deyillər"

AMEA prezidenti: "Alimlərimiz patent və müəllif hüquqları sahəsində zəruri biliklərə malik deyillər" "Hazırda elmi fəaliyyət sahəsində əsas problemlərdən biri də plagiatlıqla, piratçılıqla və elmi etika məsələləri ilə bağlıdır"
Elm və təhsil
24 Aprel , 2015 16:13
AMEA prezidenti: Alimlərimiz patent və müəllif hüquqları sahəsində zəruri biliklərə malik deyillər

Bakı. 24 aprel. REPORT.AZ/ "Əsas problemlərimizdən biri də alimlərimizin müəllif hüquqlarının və intellektual naliyyətlərinin qorunması ilə bağlıdır. Ona görə də AMEA-nın qarşısına qoyulan prioritet vəzifələrdən biri, məhz alimlərimizin bu hüquqlarının yüksək səviyyədə qorunmasına nail olmaqdır". "Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, AMEA Rəyasət Heyətinin iclaslarında belə problemlər dəfərlərlə müzakirə olunub: "Ancaq etiraf edək ki, bir çox suallar hələ də cavabsız qalır. Alimlərimiz ölkədaxili qrantlarla yanaşı, beynəlxalq və digər ölkələrin qrant layihələrində də iştirak edirlər. Lakin əksər hallarda onların bu işlərinin nəticələrinə görə müəlliflik hüquqları və intellektual mülkiyyətlərinin qorunması təmin olunmur. Alim və tədqiqatçılarımızın müəllif hüquqlarının və intellektual mülkiyyətlərinin lazımınca qorunmadığı şəraitdə onlar öz fəaliyyətlərində maddi stimuldan əhəmiyyətli dərəcədə məhrum olurlar. Bununla yanaşı, ölkənin iqtisadi təhlükəsizliyinə də müəyyən xətalar yaranır".

AMEA prezidenti qeyd edib ki, hazırda elmi fəaliyyət sahəsində əsas problemlərdən biri də plagiatlıq, piratçılıq və elmi etika məsələləri ilə bağlıdır: "İnternetin meydana gəlməsi, mətnlərin rəqəmsallaşması, nüsxələrin çoxaldılmasının asanlaşması bu problemi daha da kəskinləşdirib. Bunun qarşısını almaq üçün mənəvi-etik, hüquqi və texnoloji tədbirlər görülməlidir. Bu istiqamətdə fəaliyyətimizi gücləndiririk. Belə bir şəraitdə Azərbaycan alimlərinin hüquqlarını, eləcə də elmin nüfuzunu qorumaq üçün bu vacib məsələyə son dərəcə həssaslıqla yanaşmaq lazımdır".

"Daha bir mühüm problem elmi fəaliyyətin kommersiyalaşdırılması, patentləşdirmə məsələləri ilə bağlıdır. Etiraf edək ki, biz alimlərimizin kommersiyalaşdırma, istehsal və xidmət sahələrində uğurlu tətbiqi perspektivləri olan elmi nəticələrini, ixtiralarını, kəşflərini lazımi səviyyədə təqdim edə bilmirik. Sovetlər vaxtında elmi müəssisələrdə patent şöbələri aktiv fəaliyyət göstərirdi, ixtiralar üçün patent dəstəyi verilirdi. Sonralar tədricən bu strukturların fəaliyyəti öz effektivliyini itirdi və hazırda demək olar ki, müasir tələblərə cavab vermir. İndi bu sahədə boşluq yaranıb", - akademik fikirlərinə əlavə edib.

A.Əlizadə çıxış yolu kimi elmi nəticələri intellektual məhsullara çevirməklə nəinki yerli bazarda, həm də dünya bazarına çıxarmaqla mənfəət əldə edə edilməsi təklifini irəli sürüb: "Bununla da elmə marağın artırılmasına, alimlərimizin rifahının daha da yüksəldilməsinə nail ola bilərik. Bundan başqa, digər bir problem isə kadr hazırlığıdır. Biz elmi kadr hazırlığında informasiya və biliklər cəmiyyətinin tələblərini nəzərə almalı, alim və mütəxəssislərimizdə müvafiq mədəniyyətin, təfəkkürün formalaşdırılması üçün mühüm işlər görməliyik. Etiraf edək ki, alimlərimiz patent və müəllif hüquqları sahəsində zəruri biliklərə malik deyillər. Çünki bu biliklərə sahib olmaq üçün fəaliyyətdə olan elə bir mexanizm də yoxdur".

Son xəbərlər

Orphus sistemi