Yuxarı

AMEA prezidenti magistratura səviyyəsindəki problemlərə aydınlıq gətirib

​Akif Əlizadə magistr pilləsindəki problemlərə aydınlıq gətirib
© Report / Elchn Murad — AMEA-nın prezidenti Akif Əlizadə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Akademiyanın magistratura səviyyəsində tədris zamanı aşkara çıxan nöqsanlara münasibət bildirib.

"Report" xəbər verir ki, Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında akademik-katib Əminağa Sadıqova cavab verən A.Əlizadə magistratura pilləsinin akademiyada açılması üçün çox çətinlik çəkdiyini deyib.

O qeyd edib ki, hər dəfə çıxışında Akademiyada magistratura pilləsində təhsil səviyyəsi fərqli formada təşkil edilir: "Ancaq dediklərinizdən görünür ki, kifayət qədər çətinliklər var. Bütün bu sadalanan nöqsanlar bizə yaxşı nəticə üçün ad gətirməz. Haradan əlavə otaq verək? Bir otaq tapmaqla məsələ həll olunmur. Həmkarların sayı haqqında düşünülməlidir. Bəlkə, yenə də bəzi institutları birləşdirək?!".

"Hər il 100 magistr qəbul edəcəyik. Hamı gəlib deyir ki, magistrlara ştat verək. Ştatları hardan necə verəcəyik? Akademiyanın, təxminən, 11 min ştatlı işçisi var. Onda gəlin bəzi işçiləri işdən çıxaraq. Hamı ştata düşmək istəyir. Əgər lazımi şərait yaradılmırsa, deməli, akademiyada magistratura pilləsi bağlanmalıdır. Bu təhsil pilləsini yaratmışıq ki, inkişaf edək. Məcburi deyil ki, akademiyanın 27 institutunda magistr təhsili olsun. Misal olaraq 7 institutda olsun, amma keyfiyyətli təhsil verilsin".

A.Əlizadə vurğulayıb ki, əgər bu sahədəki problemlər aradan qaldırılmasa, magistrlar küsüb gedərlər: "Onlar bir- biri ilə söhbət edəndə deyirlər ki, akademiyada şərait yoxdur. Bunu institut direktorları da yaxşı bilir. Ona görə də xahiş edirəm ki, bu istiqamətdə elmi şuralarda da açıq söhbət aparıb qərar qəbul edilsin. İnstitut və bölmələrdə bu sahəyə olan ciddilik artırılmalıdır. Gələn il də anoloji monitorinqləri keçirərik. Əgər nəticələr eyni olacaqsa, növbəti il üçün yer sayı sifariş edəndə qəbul planını azaldarıq. Əsas olan keyfiyyətli tədris prosesidir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi