Yuxarı
    Bağlamaq

    Akif Əlizadə: "Azərbaycanda elm ictimaiyyəti ərzaq təhlükəsizliyinin təmin olunması üçün səfərbər edilib"

    AMEA-da Kəmaləddin Heydərov və Akif Əlizadənin sədrliyi ilə işçi müşavirə keçirilib

    Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində fövqəladə hallar naziri Kəmaləddin Heydərov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə işçi müşavirə keçirilib.

    AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər dövlət qayğısı sayəsində elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətlərində mühüm işlər görüldüyünü vurğulayıb. 

    Akademik bildirib ki, Azərbaycan elm ictimaiyyəti qlobal çağırışlara cavab vermək, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün səfərbər edilib, alimlərimiz təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması sahələrində tədqiqat işlərini intensivləşdirirlər. Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkının (“YT Park”) fəaliyyətindən danışan AMEA-nın prezidenti parkın mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin tam formalaşması üçün əlverişli zəmin yaratdığını bildirib: ““YT Park”-da sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələrin icrası, eləcə də ideya müəlliflərinin təklifləri əsasında hazırlanan innovasiya yönümlü layihələrin istehsalata transferi mümkündür. Burada icra ediləcək layihələr ixrac yönümlü və idxal əvəzləyici meyarlar əsasında seçilməklə bərabər, təmiz enerji və sağlam rəqabət prinsiplərinə uyğun olacaq”.

    Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov tədbirin əhəmiyyətini vurğulayıb, elmin inkişafının xalqımızın ulu öndəri Heydər Əliyevin müəyyən etdiyi və bu gün Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun tərkib hissələrindən biri olduğunu qeyd edib. Nazirlik tərəfindən həyata keçirilən layihələr, beynəlxalq, regional və ölkədaxili təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verən nazir alimlərimizin ixtiralarının ölkənin iqtisadi inkişafı, o cümlədən fövqəladə hallarla daha effektli mübarizə və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün zəruri amil olduğunu, AMEA və FHN arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

    Müşavirədə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Azərbaycanda müasir texnologiyalarla innovativ yönümlü tədqiqatlar və perspektivlər”, akademik Vaqif Abbasov “Köpükəmələgətirici “Naftapen”, “AZOFOS” və boy maddələri”, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadə “Faydalı mikroorqanizmlər vasitəsi ilə üzvi və mineral gübrələrin istehsalı”, AMEA-nın Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov “Sənaye və sürtkü yağlarının istehsalı” mövzularında çıxış ediblər.

    Sonda FHN-in məsul əməkdaşları və AMEA-nın nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi