Yuxarı

​Akif Əlizadə: “Akademiyanın elmi müəssisələrinin şirkətlə müştərək çalışmaq imkanları üçün böyük potensialı var”

AMEA Rəyasət Heyətində “Daşkəsən alunit filizinin yeni üsulla emalı” layihəsi çərçivəsində görüş keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində “Daşkəsən alunit filizinin yeni üsulla emalı” layihəsi çərçivəsində “DetAl Holding” şirkətinin nümayəndələri ilə görüş keçirilib. “Report”un xəbərinə görə, tədbiri AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev açaraq iştirakçılara görüşün əhəmiyyətindən danışıb. O bildirib ki, görüşün keçirilməsində məqsəd ölkədə alunit emalının inkişaf etdirilməsi və bu sahədə mövcud potensialın reallaşdırılmasını müzakirə etməkdir.

Alüminium xammalı hesab olunan alunit filizlərinin istismarı tarixindən bəhs edən akademik xatırladıb ki, respublika ərazisində əvvəllər aparılmış geoloji-kəşfiyyat işləri ilə alunit filizləri yatağı aşkar edilib. Daşkəsən royununda yerləşən bu yataq keçmiş SSRİ məkanında alüminium xammalı kimi istismar olunan yeganə yataq olub. Keçən əsrin 60-cı illərindən bu yataqda başlanmış istismar 90-cı illərədək davam edib.

“DetAl Holding”in baş direktoru Sərxan Babayev şirkətin fəaliyyəti və Daşkəsən alunit filizinin emalı üsulu ilə bağlı geniş məlumat verib. O bildirib ki, “DetAl Holding” ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid, ilkin alüminium və yarımfabrikat məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur. Alunit emalı istiqamətində DetAl Alüminium Kompleksinin yerinə yetirdiyi layihələr və bu istiqamətdə apardığı elmi-texniki araşdırmalardan danışan baş direktor gələcəkdə şirkətin fəaliyyətində AMEA-nın müvafiq institutlarının elmi-texniki potensialı və təcrübəsindən yararlanmaq imkanlarını reallaşdırmaq təklifini irəli sürüb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev alunit filizinin yeni üsulla emalı məqsədi ilə akademiya alimlərinin elmi tədqiqatlara cəlb edilməsi təklifini və bu sahədə qarşılıqlı əlaqələrin bundan sonra da inkişafının əhəmiyyətini xüsusi qiymətləndirib.

Daha sonra Rəyasət Heyəti Mərkəzi aparatın İnnovasiya şöbəsinin rəisi Vüqar Babayev şirkətlə ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edən sənədlərin hazırlanacağını və ilkin olaraq əməkdaşlıq proqramı çərçivəsində saziş imzalanacağını vurğulayıb.

Tədbirdən sonra şirkətin baş direktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə görüşüb. Əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirən prezident qeyd edib ki, “akademiyanın elmi müəssisələrinin şirkətlə müştərək çalışmaq imkanları üçün böyük potensialı var və bu istiqamətdə səylərimizi davam etdirməliyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi