Yuxarı
    Bağlamaq

    Akademik Ramiz Məmmədov: "Küçük" sözünün üstündə dururam" - MÜSAHİBƏ

    Coğrafiya İnstitutunun direktoru: Azərbaycanda savadlı jurnalist yoxdur...Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov

    Bakı. 30 mart. REPORT.AZ/ AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun Modern.az xəbər saytının müxbiri ilə danışarkən təhqiredici ifadə işlətməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. "Report" məsələ ilə bağlı akademikdən müsahibə alıb.

    - Ramiz müəllim, doğrudurmu ki, jurnalisləri ittiham etmisiz və söymüsüz?

    - Mən gördüyümü deyirəm. Mən son bir neçə ildə savadlı jurnalistə rast gəlməmişəm, bir "küçük" də məni biabır edib. Bu sözü demişəm, yenə sözümün üstə dururam. Siz nədən narazısız?

    - Təhqir etdiyiniz o "bir adam" kimdir?

    - Beş-altı nəfər birdən müsahibə götürürdü, onların içindən biri yazıb. Mən nə bilim hansıdır. Bir-bir soruşası deyiləm ki... Hələ bir "başdan-qrija" var, qeyri-hökumət təşkilatının rəhbəri var, Telman Zeynalov, onun mənim haqqımda qiymətləndirilməsi verilib: "Ölsün yerə girsin, bu akademik". Dediyi sözlərə bir bax!

    - Tutaq ki, bir nəfərə əsəbləşmisiniz. Buna görə bütün jurnalistlər haqqında danışmaq, tənqid, hətta təhqir etmək nə qədər düzgündür?

    - Mən deyirəm də bu sözü. Siz də yazın daaa... Yaz ki, Ramiz müəllim düz eləmir! Sən de görüm hansı jurnalistin analitik yazısına rast gəlmisən?! Jurnalistin qabiliyyəti onun analitik yazı vermə qabiliyyətidir. Varmı elə jurnalist, Azərbaycanda?

    - Ramiz müəllim, kiməsə əsəbləşmişdinizsə, niyə məhkəməyə müraciət etmək əvəzinə təhqir yolunu seçdiniz?

    - Eləmədim də... Bilmirəm axı yazan kimdi, hansından şikayət edim?!

    - Siz məhkəməyə müraciət edərdiniz, onlar araşdırardılar...

    -  Mənim ona vaxtım var?

    - Ramiz müəllim, bu təhqirə görə jurnalistlər sizi məhkəməyə verə bilər...

    - Versinlər də... Mənim şəxsi fikrim budur ki, Azərbaycanda savadlı jurnalist yoxdur. Təkrar edirəm yenə də, Azərbaycanda savadlı jurnalist yoxdur... Gedin verin məni məhkəməyə...

    - Çox təəssüf edirəm ki, sizdən belə sözlər eşidirəm, Ramiz müəllim, çox təəəssüf...

    - Təəssüf edirsən, o sənin öz işindir. Təəssüf etməkdənsə səviyyənizi qaldırın. Gəlib, zəng edib sual verəndə mövzuya hazırlaşın.

    - Ramiz müəllim, siz necə birbaşa hamını ittiham edə bilərsiz?

    - Mənim gördüklərim odur, indi bəlkə yaxşıları var, Azərbaycanda harda gizləniblər onları mən görmürəm.

    - Jurnalistlər arasında kifayət qədər savadlı ziyalılar, hətta deputatlar var... Necə yəni mən görmürəm!? Bir adama olan əsəbinizi hamıya ünvanlamaq nə qədər düzgündür, etikdir?

    - Lap düzgündür! Ona görə ki, mən Azərbaycan jurnalistlərinin bir dənə analitik yazısını görməmişəm. Hamınız 95 faiz eyni şeyi tirajlayırsınız. Bütün məlumatlarınız bir-birinə oxşayır.

    - Bəs "küçük" sözü nədir?

    - Bir nəfər məni əsəbləşdirib, ona işlətmişəm o sözü. Onun da üstündə dururam. Bu söhbəti qurtardıq, indi də ayrı nəsə tapın.

    - Təəssüf edirəm... Sağ olun.

    - Davay...

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi