Yuxarı

Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının müzakirəsinə dair elmi konfrans keçirilib

Kitab Azərbaycan tarixinin həmin dövrü və Şah İsmayıl Səfəvinin siyasi irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub

Bakı. 27 noyabr. REPORT.AZ/ AMEA Rəyasət Heyətində akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının müzakirəsinə dair elmi konfrans keçirilib. "Report" xəbər verir ki, konfransın açılışında AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın həqiqi üzvləri çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıblar.

Bildirilib ki, bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur.

Kitabın “Müəllifdən” bölməsində deyildiyi kimi, bu gün müstəqillik yolu ilə uğurla irəliləyən Azərbaycanın obyektiv tarixinin bərpa edilməsi, habelə xalqımızın görkəmli şəxsiyyətlərinə yenidən qiymət verilməsi məsələsi tarix elmimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Akademik Ramiz Mehdiyev öz kitabında yazır: “Azərbaycan bəşəriyyətin siyasi tarixinə, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri ilə haqlı olaraq fəxr edə bilər. Tarixin ən mürəkkəb və ümidsiz dövrlərində də bu xalqın arasından öz iradi keyfiyyətləri və istedadları sayəsində, bəzən həyatları bahasına, amansız təhdid və təhlükələrə məhəl qoymadan tarixin gedişini öz xalqının xeyrinə dəyişmiş böyük siyasi xadimlər, cəsur qəhrəmanlar, görkəmli alim və mütəfəkkirlər çıxıb”.

Tədbirdə, həmçinin AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev, AMEA Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Şahin Fazil çıxış ediblər. Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin bu əsəri yeddi fəsildən ibarətdir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: “Qərəzsiz və nifrətsiz”, “Səfəvilər sülaləsinin etnik mənsubiyyəti”, “Səfəviyyə” ordeninin yaranması və siyasiləşməsi”, “Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi”, “İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması”, “Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış”, “Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi”.

“Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabında İsmayıl Səfəvinin dövründə (1501 –1524-cü illər) Səfəvilər dövlətinin Azərbaycan tarixi atlasından götürülmüş, həmin dövlətin miqyası barədə tam təsəvvür yaradan xəritəsinə və müvafiq illüstrasiyalara da yer ayrılıb.

Sonra AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Məmmədov və AMEA Dünya Siyasəti İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış bu kitab tarixçilər və şərqşünaslar, habelə Azərbaycan tarixinin həmin dövrü və Şah İsmayıl Səfəvinin siyasi irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi