Yuxarı

Akademik Ramiz Mehdiyevin "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabı təqdim olunub

Akif Əlizadə: Bu, monoqrafiya tariximizin obyektiv öyrənilməsi və gənclərdə vətənpərvərlik hissi oyatması baxımından xüsusi əhəmiyyətə malikdir

Bakı. 27 may. REPORT.AZ/ AMEA Rəyasət Heyətində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib. 

"Report" xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə sənədlərlə əsaslandırılmış monoqrafiyanın tariximizin obyektiv öyrənilməsi və gənclərdə vətənpərvərlik hissi oyatması baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitab haqqında danışarkən deyib ki, ölkə rəhbərinin imzaladığı qərar və sərəncamlardan irəli gələn bu cür əsərlərin çap olunması müstəqillik işığında Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixinin yenidən öyrənilməsi zərurətindən doğur: "Akademik Ramiz Mehdiyevin son dövrlər müəllifi olduğu kitablar, eləcə də bu gün təqdimatı keçirilən bu monoqrafiya Azərbaycanın milli dövlətçilik ənənələrinin öyrənilməsində tarixşünaslıq elminin sanballı elmi-tədqiqat əsəridir. Obyektiv gerçəkliyi meydana çıxaran bu kitabda ilk dəfə olaraq Nadir şahın milli mənsubiyyəti fərqli şəkildə ortaya qoyularaq türk-oğuz mənşəli hökmdar olduğu bildirilib. Bu vaxta qədər Şərqin Napoleonu adlandırılan Nadir şah Əfşarın sərkərdəlik qabiliyyətindən danışılırdısa, bu əsərdə tarixi şəxsiyyətin həyata keçirdiyi uğurlu islahatlardan, o cümlədən vergi və miqrasiya sistemində, mədəniyyət və təhsil sahəsindəki islahatlarından söz açılır".  

Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov isə "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabının diplomatik əməliyyatları özündə əks etdirən və tarixşünaslığımıza xidmət edən məktublaşmaların Azərbaycan dilinə tərcümə olunmasında, eləcə də mənbəşünaslıqdakı problemləri aradan qaldıracağını söyləyib: "Bu əsər sovet dövründə Azərbaycan tarixi şəxsiyyətləri haqqında yaradılmış stereotipləri parçalayıb onlara fərqli baxış bucağından yanaşmağa imkan yaradır".

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Nadir şahın Azərbaycan sərhədlərinin bütövlüyünü qoruyan və genişləndirən, Azərbaycan Səfəvi imperiyasını yenidən bərpa etməyə çalışan bir hökmdar olduğunu, məzhəb ayrılığı salmağa çalışan qüvvələrə qarşı daim mübarizə apardığını və dini birlik yaratdığını deyib. Eyni zamanda, son vaxtlar Azərbaycanın görkəmli şəxsiyyətlərini ləkələmək meylləri ilə meydana çıxan qüvvələrin Azərbaycanın tarixi torpaqlarında rəhbərlik edən hökmdarların idarəçiliyinə kölgə salmasına imkan verilməməli olduğunu vurğulayəb. 

AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, deputat Musa Qasımlı təqdimatı keçirilən kitabın dövrün diplomatiya fəlsəfəsini araşdırdığını deyib və natiq yazışmaların hamısında diplomatik üslubun gözlənildiyini, həmçinin Nadir şah Əfşarın beynəlxalq münasibətlər qurmaq istiqamətində geniş fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, Nadir şah Azərbaycan ərazilərini genişləndirən, donanmaları möhkəmləndirən, idarəçiliyin müxtəlif sahələrində fərqli strategiyası olan, islamda radikalizmi parçalamağa çalışan və Azərbaycan torpaqlarına əvəzsiz xidmət edən bir hökmdardır.

Sonda azərbaycançılığa və Azərbaycan dövlətçiliyinə faydalı olan nəşrlərin ərsəyə gəlməsi və tarixi obyektivliyin araşdırılması istiqamətində elmi tədqiqat fəaliyyətinin genişləndirilməsinin zəruriliyini ifadə edən akademik Akif Əlizadə bütün AMEA adından müəllifə təşəkkürünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi