Yuxarı
    Bağlamaq

    Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

    Bakı. 15 dekabr. REPORT.AZ/ Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

    Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 15-də akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və Nazirliyin əməkdaşları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Eləcə də ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini anıb məzarı üzərinə gül dəstələri düzüb. Sonra görkəmli alim, Azərbaycan Respublikasının əməkdar elm xadimi Həsən Əliyevin xatirəsi yad edilib və məzarı üzərinə əklil qoyulub.

    Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Nazir Hüseyn Bağırov bütün həyatını Azərbaycan təbiətinin tədqiqinə, mühafizəsinə həsr etmiş və bu misilsiz sərvətin gələcək nəsillər üçün qorunub saxlanılmasının tərənnümçüsü olmuş dünya şöhrətli alimin ekologiya elminə verdiyi müstəsna xidmətlərindən danışıb. AMEA-nın akademik Həsən Əliyevin adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və digər elm xadimləri görkəmli alim barədə xatirələrini bölüşdükdən sonra tədbir iştirakçılarına akademikin həyat yoluna dair film nümayiş olunub.

    Sonda ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması sahələrində çalışan 5 nəfərin əməyinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən təsis olunmuş “Ekologiya və ətraf mühitin mühafizəsi sahələrində əldə etdikləri nailiyyətlərə görə akademik Həsən Əliyev adına mükafat”la təltif ediliblər.

    Xatırladaq ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2017-ci il tarixli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədbirlər Planı"na əsasən bir sıra tədbirlər keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi