Bakıda "Akademik Elm Həftəliyi-2015" Beynəlxalq Multidissiplinar Forumu başlayıb

Bakıda "Akademik Elm Həftəliyi-2015" Beynəlxalq Multidissiplinar Forumu başlayıb Akif Əlizadə: "Hazırda AMEA-da 113 bakalavr, 156 magistr çalışır"
Elm və təhsil
2 Noyabr , 2015 11:33
Bakıda Akademik Elm Həftəliyi-2015 Beynəlxalq Multidissiplinar Forumu başlayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 70 illiyinə həsr olunan "Akademik Elm Həftəliyi-2015" Beynəlxalq Multidissiplinar Forumu başlayıb. "Report" xəbər verir ki, tədbirdə 100-dən çox gənc alim iştirak edir.

AMEA-nın prezidenti Akif Əlizadə deyib ki, bu yaxınlarda Akademiyanın yaranmasının 70 illiyi qeyd olunacaq: "Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi tədbir yubileyə ən böyük töhfədir. Eyni zamanda, bugünkü forum digərlərindən fərqlənir. Forum çərçivəsində interaktiv müzakirələr təşkil olunacaq ki, bu da Akademiyada ilk dəfə keçirilir. Məqsəd ölkədə fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirlikləri, elmin inkişafına dəstək verən fondları bir araya gətirmək, onlarla müştərək faydalı və gələcək əməkdaşlığa nail olmaqdır".

O, həmçinin qeyd edib ki, elm fərdi ola bilməz: "Mütləq bir neçə istiqamətdə yeni fikirlərə yanaşma olmalıdır. Bu gün ölkədə elm, mədəniyyət və təhsil vəhdət təşkil edir. Elmin təhsillə inteqrasiyası mühüm amildir. Bu gün Akademiyada bakalavr səviyyəsində oxuyan 113 tələbə çalışır. Bu da sevindirici haldır. Eyni zamanda, 156 magistr müxtəlif istiqamətlər üzrə AMEA-da işləyir".

"Akademik startaplar: nəyi nailiyyət hesab edək?", "Elmin inkişafında mövcud fondların rolu", "İnnovativ ideyalar və perspektivlər" kimi elmin aktual mövzularında hazırlanacaq müzakirələrə ölkənin tanınmış elm və ictimaiyyət nümayəndələri ekspert olaraq cəlb olunub.

İki gün davam edəcək forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi əhəmiyyət kəsb edən multidissiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskussiyalarda fəal iştirakını təmin etmək məqsədilə 22 ölkədən 300-ə yaxın gənc alim və mütəxəssisin iştirakı ilə beynəlxalq konfrans da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi