Yuxarı

"Akademik Elm Həftəliyi - 2015" Beynəlxalq Multidissiplinar Forum keçiriləcək

22 ölkədən 300-ə yaxın gənc alim və mütəxəssisin iştirakı ilə beynəlxalq konfrans da olacaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 70 illiyinə həsr olunan "Akademik Elm Həftəliyi - 2015" Beynəlxalq Multidissiplinar Forum keçiriləcək. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Noyabrın 2-də AMEA-nın Rəyasət Heyətində keçiriləcək tədbirin rəsmi açılışından sonra interaktiv müzakirələr təşkil olunacaq. İlk dəfə keçirilən bu müzakirələrin əsas məqsədi ölkədə fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirliklər, elmin inkişafına dəstək verən fondlar, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirib mövcud problemləri təhlil edib, həlli yoluna nail olmaqdır. 

"Akademik startaplar: nəyi nailiyyət hesab edək?", "Elmin inkişafında mövcud fondların rolu", "İnovativ ideyalar və perspektivlər" kimi elmin aktual mövzularında hazırlanacaq müzakirələrə ölkənin tanınmış elm və ictimayyət nümayəndələri ekspert olaraq cəlb olunub.

İki gün davam edəcək forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi əhəmiyyət kəsb edən multidissiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskusiyalarda fəal iştirakını təmin etmək məqsədilə 22 ölkədən 300-ə yaxın gənc alim və mütəxəssisin iştirakı ilə beynəlxalq konfrans da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi