Akademik Cəlal Əliyevlə vida mərasimi AMEA-nın əsas binasında olacaq

Akademik Cəlal Əliyevlə vida mərasimi AMEA-nın əsas binasında olacaq O, 88 yaşında vəfat edib
Elm və təhsil
1 Fevral , 2016 10:01
Akademik Cəlal Əliyevlə vida mərasimi AMEA-nın əsas binasında olacaq

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev dünyasını dəyişib.

AMEA-dan "Report"a verilən məlumata görə, akademik uzun sürən xəstəlikdən sonra 88 yaşında evində səhər saat 5.00 radələrində vəfat edib.

C.Əliyevlə vida mərasimi bu gün saat 13.00-dan 15:00-dək AMEA-nın əsas binasında olacaq. Artıq bununla bağlı binada hazırlıq işlərinə başlanılıb.

C.Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

C.Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Akademikin 1 övladı var.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi