Yuxarı

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd olunacaq

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd olunacaq

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birgə akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan tədbirlər planı hazırlanacaq. 

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanın görkəmli alimi, dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Xəlil oğlu Mirzəcanzadənin anadan olmasının 90 illiyi tamam olur.

Tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisi, zəngin elmi irsə malik akademik Azad Mirzəcanzadə neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırmış və böyük şöhrət gətirmişdir. Azad Mirzəcanzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft, qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodları hazırlanıb tətbiq edilmişdir. Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının sürətləndirilməsində Azad Mirzəcanzadənin təqdirəlayiq xidmətləri var. Alim Azərbaycan iqtisadiyyatının müasir mərhələdə dinamik inkişafı üçün zəruri olan yüksək ixtisaslı elmi kadr resurslarının yaradılmasının fəal iştirakçılarından idi. Azad Mirzəcanzadə elmi məktəbinin yetirmələri ölkəmizdə və onun hüdudlarından kənarda neft sənayesinin ən müxtəlif sahələrində uğurla çalışırlar. Elmlə istehsalat arasında sıx əlaqə qurmağa müvəffəq olmuş alimin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi