Yuxarı
    Bağlamaq

    Akademik Arif Mehdiyev ikinci Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB-2

    Vida mərasimində mərhumun ailə üzvləri, hökumət nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar iştirak ediblər

    *** saat 12:03; 14:40

    Bakı. 20 dekabr. REPORT.AZ/ AMEA-nın Əsas binasında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilib.

    "Report"un xəbərinə görə, mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, mərhumun ailə üzvləri, Milli Məclisin deputatları, ziyalılar iştirak ediblər.

    Vida mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib ki, Arif Mehdiyevin vəfatı Azərbaycan elmi üçün ağır itkidir. O qeyd edib ki, A.Mehdiyev elektron cihazların hazırlanmasında böyük işlər görüb: "Arif müəllim kosmik tədqiqatlarla bağlı nailiyyətlər əldə edib. O, yenilikçi idi. Arif Mehdiyevin elmi məktəbi yaradılıb. O, kosmik tədqiqatların təməlini qoyub. Onun etdikləri Azərbaycan elminin uğurudur".

    AMEA-nın Fizika İnstitunun direktor müavini Cavad Abdinov bildirib ki, A.Mehdiyevin ömrünün mühüm bir hissəsini fizika elminə həsr edib. O vurğulayıb ki, A.Mehdiyevin ölümü ağır itkidir.

    Sonra digər akademiklər çıxış edərək Arif Mehdiyevin fəaliyyətindən bəhs ediblər, mərhumun ailəsinə başsağlığı veriblər.

    Sonra akademikin nəşi ikinci Fəxri xiyabana gətirilərək burada dəfn olunub

    Qeyd edək ki, A.Mehdiyev 1934-cü ildə Bakıda anadan olub.

    Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. A.Mehdiyev 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi