Bakı. 3 oktyabr. REPORT.AZ/ "Peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq rəhbəri Ceroen Uilyams deyib.
Onun sözlərinə görə, bu nəticəyə son bir il ərzində Avropa İttifaqı tərəfindən Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət arasında keçirilən sorğuda gəlinib.
Qurum rəsmisi bildirib ki, bir çox hallarda özəl sektor müəyyən sahələr üzrə müvafiq işçini tapmaqda çətinlik çəkir: "Buna görə də düşünürük ki, Azərbaycanda peşə təhsili sahəsində islahatların aparılması üçün davamlı dəstək lazımdır. Avropada vahid peşə təhsili modeli yoxdur. Bu sahənin inkişafı üçün bütün ölkələrlə yanaşı, Azərbaycanın da maraqlarına uyğun model seçilməlidir. Lakin bu zaman əmin olmaq lazımdır ki, peşə təhsili sahəsinin inkişafı özəl və dövlət sektorla peşə təhsil müəssisələri arasındakı əməkdaşlığa əsaslanacaq".
C.Uilyams əlavə edib ki, Avropa İttifaqı hər zaman Azərbaycanda peşə tə hsilinin inkişafına maraq göstərməyə hazırdır: "Bizə məlumdur ki, Azərbaycanda peşə təhsilinin inkişafına dair Strateji Yol Xəritəsi qəbul edilib, yeni yol xəritəsi hazırlanıb. Bu işlər çərçivəsində Avropa İttifaqı əsasən işəgötürənlərlə peşə təhsili müəssisələri arasındakı əməkdaşlığa xüsusi önəm verir".