Ağcabədidə “Qarabağ Regional Uşaq Forumu” keçirilib

Ağcabədidə “Qarabağ Regional Uşaq Forumu” keçirilib Uşaqların ifasında rəqs və musiqi nömrələri, uşaq hüquqlarından bəhs edən səhnəciklər nümayiş etdirilib
Elm və təhsil
19 Noyabr , 2015 16:19
Ağcabədidə “Qarabağ Regional Uşaq Forumu” keçirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi Ağcabədi rayonunda “Qarabağ Regional Uşaq Forumu” keçirib. Bu barədə “Report”a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutan forumda rayonun təhsil işçiləri, məktəblilər, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş, habelə qaçqın və məcburi köçkün uşaqlar iştirak edib.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə forumun əhəmiyyətini vurğulayaraq, Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb. O, uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda qəbul olunan qanunvericilik aktları barədə məlumat verərək, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib. Forumun Qarabağ regionunda keçirilməsinin önəmini vurğulayan F.Həsənzadə bildirib ki, müasir tarixdə ən çox hüquqları pozulan uşaqlar Qarabağ bölgəsinin uşaqlarıdır. Əzəli Azərbaycan torpaqlarının işğalı 12 000-dən çox uşağı öz yurdundan didərgin salıb, emənilərin təcavüzü nəticəsində 169 nəfər uşaq əsir, 53 nəfər uşaq isə itkin düşüb.

Daha sonra rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri və Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova da çıxış edərək, uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Tədbirin rəsmi açılışından sonra uşaqların ifasında rəqs və musiqi nömrələri, uşaq hüquqlarından bəhs edən səhnəciklər nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi