Yuxarı

​ADU və ABŞ-ın Azərbaycandakı səfirliyi arasında memorandum imzalanıb

Sənəd Bakı Amerika Mərkəzinin fəaliyyəti ilə əlaqədar həyata keçirilən əməkdaşlığı davam etdirmək məqsədilə yenilənib

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb. Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Görüşdə professor Səməd Seyidov Amerika mərkəzinin fəaliyyətindən, Azərbaycan-ABŞ arasındakı mövcud əlaqələrdən və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivlərindən söhbət açıb.

Səfir Robert Sekuta səmimi qəbula görə təşəkkür edərək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində təhsilin mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşün sonunda Azərbaycan Dillər Universiteti (ADU) ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Dillər Universiteti tərəfindən universitetin rektoru, professor Səməd Seyidov, ABŞ tərəfdən isə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta imzalayıb. Memorandum Bakı Amerika Mərkəzinin (BAM) fəaliyyəti ilə əlaqədar həyata keçirilən əməkdaşlığı davam etdirmək məqsədilə yenilənib. Memorandumda BAM-ın ingilis dilinin tədrisi, ABŞ-da təhsil imkanları, Birləşmiş Ştatların mədəniyyəti və tarixi haqqında mühazirələr daxil olmaqla geniş çeşidli proqram və xidmətlərinin təklif edilməsi nəzərdə tutulur. Bununla yanaşı, mərkəzdə uşaqlar üçün təhsil guşəsi və Maker Space (elmi-texniki) otağı da fəaliyyət göstərəcək.

Qeyd edək ki, Amerika Mərkəzi Bakıda ilk dəfə 2004-cü ildə açılıb və 2007-ci ildən ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) yerləşir. Amerika Mərkəzinin fəaliyyəti ingilis dilinin tədrisi, təhsil üzrə məsləhətlər, məzunlarla görüşlər və mədəni proqramlara əsaslanır. Mərkəzdə ingilis dilini öyrənənlər, Birləşmiş Ştatlarda təhsil imkanları haqqında məlumatı əldə etmək istəyən tələbələr üçün resurslarla zəngin olan, həmçinin ABŞ cəmiyyəti və mədəniyyəti haqqında kitab və dövrü nəşrlərdən ibarət olan Amerika kitabxanası mövcuddur. Bundan əlavə, EBSCO və J-STOR kimi tədqiqat məlumat bazalarına təmənnasız çıxış təklif olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi