Yuxarı
    Bağlamaq

    ADU-nun rektoru vəzifəsinin icrası professor Əfqan Abdullayevə həvalə edilib

    Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb
    Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinin icrası professor Əfqan Abdullayevə həvalə edilib. 

    "Report"un məlumatına görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. 

    Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev universitetin Rektoryanı Şurasının iclasında Ə.Abdullayevi kollektivə təqdim edib. 

    Qeyd edək ki, Ə.Abdullayev ADU-da İngilis dili-Azərbaycan dili ixtisası üzrə təhsil alıb. O, universitet illərindən sonra Azərbaycan Dövlət Xarici Dillər Universitetinin aspiranturasında German dilləri ixtisası üzrə təhsilini davam etdirib. 1995-ci ildə Azərbaycan sərhədlərindən kənara çıxaraq magistratura təhsili üçün ABŞ-ın Şərqi Karolina ştatındakı Duke Universitetində 1995-1996-cı illərdə ali təhsilin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb. 1998-1999-cu illərdə ABŞ-ın Minnesota ştatındakı Minnesota Universitetində Ph.D. proqramında German dilçiliyi (Koqnitiv dilçilik) ixtisası üzrə təhsil alıb. 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasına Dilçilik nəzəriyyəsi - İngilis dilçiliyi ixtisası üzrə qəbul olub. 2000-ci ildə ABŞ-ın Harvard Universitetində Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində təhsilini davam edib. 2005-ci ildə isə ABŞ-ın Florida Beynəlxalq Universitetində Koqnitiv dilçilik ixtisası üzrə təhsilini başa vurub. 1995-ci ildə ABŞ-da təhsilin idarə olunması üzrə Elmlər Magistri dərəcəsi aldıqdan sonra, 1997-ci ildə Dilçilik nəzəriyyəsi (AMEA, Dilçilik İnstitutu) üzrə Filologiya elmləri namizədi adına, 2001-ci ildə Filologiya elmləri doktoru adına layiq görülüb. Həmçinin 2000-ci ildən Xəzər Universitetinin, 2001-ci ildən isə ADU-nun professorudur. Akademik həyatı ilə yanaşı, iş karyerasında da uğurlara imza atıb. Orta məktəbdə İngilis dili müəllimliyi ilə iş həyatına atılan Ə.Abdullayev ADU-da əvvəlcə Tətbiqi Dilçilik laboratoriyasının laborantı, sonradan isə eyniadlı laboratoriyanın müdiri kimi fəaliyyət göstərib. Bir müddət sonra ADU-nun İngilis dili kafedrasında assistent, ADU-nun İngilis dilinin qrammatikası kafedrasında müəllim, Xəzər Universitetində ingilis dili kafedrasında müəllim, bir müddət sonra Xəzər Universiteti rektorunun köməkçisi, Xəzər Universitetində Humanitar elmlər fakültəsinin dekanı və İngilis dili kafedrasının müdiri olub. 2001-ci ildə ADU-nun Tərcümə kafedrasının professoru vəzifəsinə təyin olunub. 2003-2014-cü illərdə isə ADU-da İngilis dili fakültəsinin dekanı vəzifəsini icra edib. 2014-cü il sentyabrın 1-dən Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya sektorunda, sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsində çalışıb. ABŞ-ın və Avropanın 22-dən çox nüfüzlu təqaüdlərinə layiq görülüb. “Senator William Fulbright” təqaüdünü isə 2 dəfə (1998, 2005) qazanıb. Bundan başqa, o, bir çox nüfüzlu elmi cəmiyyətlərin (ABŞ Tərcüməçilər Assosiasiyasının, ABŞ İngilis dili müəllimləri Cəmiyyətinin, Avropa Dilçilik Cəmiyyətinin, Avropa Koqnitiv Dilçilik Cəmiyyətinin, Avropa Yaddaş, Əqli İnkişaf Cəmiyyətinin) idarə heyətlərinin üzvüdür. 6 dərsliyin (2 dərslik xaricdə ingilis dilində nəşr olunub), 110-dən çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çıxıb) müəllifidir. 2016-cı ilin sentyabrından ADU-nun tədris işləri üzrə prorektorudur.

    Xatırladaq ki, bu günədək ADU-nun rektoru vəzifəsini universitetin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov icra edirdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi