ADU-da Polşa Mərkəzi yaradılacaq

ADU-da Polşa Mərkəzi yaradılacaq Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini ilə görüşüb
Elm və təhsil
17 Avqust , 2017 16:27
ADU-da Polşa Mərkəzi yaradılacaq

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini Yan Çeçiçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a ADU-nun İnformasiya Departamentindən məlumat verilib. 

Azərbaycan-Polşa əlaqələrinin sağlam təməl üzərində qurulduğunu deyən K.Abdulla bildirib ki, bu əlaqələr bundan sonra da ciddi və faydalı istiqamətdə inkişaf edəcək: "Qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində bu istaqamətdə daha böyük işlər görüləcək. Polşa universitetlərində də Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi tədris edilməlidir və bu məqsədlə yeni mərkəzlərin açılması vacibdir. Bu məsələ düşünürəm ki, həm sizin, həm də bizim marağımızda olmalıdır”.

O, universitetdə fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verərək Polşa Mərkəzinin yaradılmasını təklif edib: “Ümid edirəm ki, ölkənizlə universitetimiz arasında əlaqələr güclənəcək. Biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq”.

Polşa xarici işlər nazirinin müavini Yan Çeçiçak əlaqələrin daha yüksək səviyyədə inkişafı ilə bağlı rektorun səsləndirdiyi fikirlərlə həmrəy olduğunu bildirib. O, universitetdə Polşa Mərkəzinin yaradılması ideyasını dəstəkləyib və bu ideyanın həyata keçməsi üçün lazım olan addımların tez bir zamanda atılmasına çalışacağını söyləyib.

Görüşün sonunda qonaqlara ingilis dilinə çevrilmiş "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi