Yuxarı

ADU-da “20 Yanvar və Azərbaycanın istiqlalı” mövzusunda dəyirmi masa keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat laboratoriyasının təşkilatçılığı ilə 20 Yanvar hadisələrinə həsr olunmuş “20 Yanvar və Azərbaycanın istiqlalı” mövzusunda dəyirmi masa keçirilib.

“Report” xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyindəki 20 Yanvar hadisələrinə dair çıxışı və təhlilləri, eyni zamanda Sovet hökuməti qarşısında qoyduğu məsələlərdən bəhs olunan videoçarx nümayiş olunub.

ADU-nun rektoru akademik Kamal Abdulla Ümummilli liderin videoçarxda söylədiyi fikirlərin SSRİ adlanan böyük imperiyanın rəhbərliyinə ünvanlanan etiraz və siyasi ittiham kimi səsləndiyini söyləyib: “Təsəvvür edin ki, bu sözlər səslənən zaman Bakı küçələrində tanklar gedirdi. İnsanlar küçəyə çıxmağa ehtiyat edirdilər. Xalq artıq öz şəhidlərini vermişdi, Azərbaycanın azadlığı üçün aparılan möhtəşəm mübarizədə şəhidlər öz qanları bahasına sözlərini demişdilər. Ümummilli lider o çıxışı edərkən bütün vəzifələrdən azad edilmişdi. Ona görə azad edilmişdi ki, bu hadisələri törətmək mümkün olsun, Qarabağın Ermənistana verilməsinin yolları asanlaşsın. Belə bir vəziyyətdə yalnız Azərbaycan deyil, digər ölkələrdə də oyanış artıq özünü göstərməyə başlamışdı. Həmin ölkələrdə gedən hərəkatların liderləri və iştirakçıları baxıb ibarət dərsi alsınlar və geri çəkilsinlər deyə, buraya əlavə qüvvələr gətirildi”.

K.Abdulla o dövrdə digər ölkələrdə gedən hadisələrdən də danışıb:

“Əgər Azərbaycanda şəhidlər öz etirazlarını qanları, canları bahasına verməsəydilər, SSRİ-nin tərkibindəki digər respublikaları da belə günlər gözləyirdi. Azərbaycan öz şəhidlərini böyük ehtiramla son mənzilə yola saldı. Yadımdadır ki, Azadlıq meydanında fövqəladə vəziyyətə baxmayaraq, bütün insanlar ayağa qalxıb öz şəhidlərini yola salırdılar. Şəhidlərin arasında mənim tələbəm Ülvi Bünyadzadə də var idi. Çox sadə, gülərüz, son dərəcə səmimi insan idi. Gözəl şeirlər yazırdı, mənim də yanıma gətirirdi, müzakirə edirdik. Ülvi kimilərin öz həyatlarını düşünmədən xalqa qurban verməsi bu xalqın böyüklüyünə, əzəmətinə dəlalət edir. Tarix bizə həm də onu öyrədir ki, bu torpaq uğrunda ölənlər olub və bu torpağı bundan sonra qorumaq bizim hamımızın birgə işimizdir, borcumuzdur”, – deyə K.Abdulla bildirib.

Rektor əlavə edib ki, Azərbaycan 20 Yanvarda “SOS” işarəsi kimi bütün dünyaya təhlükədən xəbər verdi: “Bu xəbəri ulu öndərimiz verdi. Bu, Allahın ona verdiyi cəsarət idi, əzm idi. Bu gün Azərbaycan müstəqil şəkildə öz cəsarətli addımlarını atırsa, bu cəsarətlərin arxasında Heydər Əliyevin hərəkətləri, davranışı, siyasi qəddi-qaməti durur. Unutmayaq ki, onun amalı bütövlükdə azərbaycançılıq idi, idealı xalqın azad, firavan həyatı idi. Onun məqsədi Azərbaycanın gözəl günlərə qovuşması, öz keçmişinə layiq gələcək qurması idi. Bu yolda o, şəhidlər kimi öz həyatını, sağlamlığını qurban verdi. Azərbaycana olan ən böyük töhfəsi də onun öz siyasi xələfini ən ləyaqətli şəkildə hazırlamağı oldu. Bu, bizim əziz prezidentimiz İlham Əliyevdir ki, biz hamımız onun ətrafında sıx birləşmişik”.

Şərqşünas alim, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə qəhrəmanlığın nə olduğunu Ülvinin sayəsində öyrəndiyini deyib, onun nümunəvi obrazından danışıb. K.Bünyadzadə vətən üçün sinəsini irəli verənlərin gənclər olduğunu bildirib. 20 Yanvarı terror hadisəsi kimi qiymətləndirən K.Bünyadzadə ümummilli lider Heydər Əliyevin çıxışının bu hadisələrdə cığır açdığını, gəncliyi bir amal ətrafında birləşdirməyə çağırdığını qeyd edib.

Azərbaycanşünaslıq ETL-nin professoru Solmaz Rüstəmova-Tohidi, Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev 20 Yanvar hadisələrinin baş vermə səbəbləri, törədilən cinayətlər haqqında danışaraq düşmənə qarşı müqavimət göstərən insanların şücaətindən bəhs ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi