ADNSU-da Avropa İttifaqının “Horizon-2020” çərçivə proqramına həsr olunan konfrans işə başlayıb

ADNSU-da Avropa İttifaqının “Horizon-2020” çərçivə proqramına həsr olunan konfrans işə başlayıb Konfransda Azərbaycan, İsrail, Fransa, Macarıstan, Latviya, Ukrayna və Gürcüstanlı ekspertlər iştirak edirlər
Elm və təhsil
15 Sentyabr , 2016 19:14
ADNSU-da Avropa İttifaqının “Horizon-2020” çərçivə proqramına həsr olunan konfrans işə başlayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqının “Horizon-2020” Tədqiqat və İnnovasiya proqramı çərçivəsində ikigünlük konfrans işə başlayıb.

ADNSU-dan "Report"a bildirilib ki, konfransda İsrail, Fransa, Macarıstan, Latviya, Ukrayna və Gürcüstanlı ekspertlər, eləcə də ADNSU-nun professor və müəllim heyəti və digər ali məktəblərin nümayəndələri iştirak edirlər.

Konfransı giriş sözü ilə açan Avropa İttifaqının "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya proqramının Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) üzrə milli təmsilçisi, texniki elmlər namizədi Tofiq Babayev ADNSU-nun rektoru prof M.Babanlıya universitetdə layihələrə dəstək verdiyi üçün təşəkkürünü bildirib. O, proqram haqqında iştirakçılara məlumat verib, Aİ-nin proqramlarının Azərbaycan tədqiqatçıları üçün böyük imkanlar açdığını diqqətə çatdırıb, “Horizon-2020”nin üstünlüklərindən danışıb.

“Horizon-2020” çərçivə proqramına ev sahibliyi etmək bizim üçün çox əhəmiyyətlidir. Bu səbəbdən də Tofiq müəllimə baza kimi bizim universiteti seçdiyi üçün təşəkkür edirəm. İkili proqramların həyata keçirildiyi, xarici universitetlərlə elmi əməkdaşlığın qurulduğu bir vaxtda bu cür layihələrin üzərində işləmək lazımdır. Bu sahədə hər kəsə uğurlar arzu edirəm”- M.Babanlı deyib.

Konfransda iştirak edən “Horizon-2020” Tədqiqat və İnnovasiya proqramının iştirakçısı olan İsrail, Fransa, Macarıstan, Latviya, Ukrayna və Gürcüstanlı ekspertləröz ölkələrində proqram çərçivəsində həyata keçirilən işlərdən və layihələrdən danışıblar. Onlar Proqramın ölkələrindəki tarixi və fəaliyyət istiqamətləri, bu günə kimi qəbul olunan layihələr haqqında məlumat veriblər.

“Horizon-2020”- nin beynəlxlaq əməkdaşlıq layihəsi olduğunu diqqətə çatdıran nümayəndələr bu proqqramın bütün dünyada tətbiq olunduğunu deyiblər. Konfrans ümumi müzakirələr və nümayəndələrin layihədə iştirak etməklə bağlı təcrübə mübadiləsi ilə davam edib.

Xatırladaq ki, konfransın keçirilməsində əsas məqsəd ADNSU-nun bu proqrama qoşulması və əməkdaşlıq əlaqələrinin qurulmasıdır. “Horizon-2020” və ya Avropa İttifaqının Elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə səkkizinci çərçivə proqramı Avropa tədqiqat məkanında elmi axtarışların dəstəklənməsi və təşviq olunması üçün Avropa İttifaqının yeddillik maliyyələşmə proqramıdır. 2014-2020- ci illəri əhatə edən Proqramın büdcəsi 80 milyard avrodur.

Son xəbərlər

Orphus sistemi